Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir. Bir əsas məqamı da qeyd etməliyik ki, vətəndaşlıq təəssübkeşliyi olmayan kəsdən mənəviyyat, dövlətə, xalqa xidmət gözləmək sadəlövhlük olar. Belələri üçün dövlət maraqları şəxsi ambisiyalarının arxasında dayanır, xarici antiazərbaycan qüvvələrin əlində oyuncaq olmaq adi qəbul edilir, bir sözlə, vicdan deyilən məfhum yoxa çevrilir.

Bu təqdimata əsaslansaq, özünü hüquq müdafiəçisi kimi təqdim edib, Demokratiyanın Müdafiəsinə Dəstək İctimai Birliyinə sədrlik edən, hazırda isə Fransada oturub ölkəmizin əleyhinə təbliğat aparan Vidadi İsgəndərli kimilərin geniş təhlilini verməyə ehtiyac yoxdur.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Və bu gün Azərbaycanın uğurlarına qara eynəkdən baxan, ölkə Prezidentinin, dövlət məmurlarının ünvanına reallıqdan uzaq fikirlər səsləndirən, şərəf və ləyaqətin nə olduğunu anlamaq imkanında olmayan bu “hüquq müdafiəçisi”nin “Azərbaycan Prezidenti Qarabağda müharibə elan etsə, həmin silahı ermənilərə qarşı yox, Azərbaycan hakimiyyətinə qarşı istifadə edəcəyəm” fikrinə münasibət bildirməmək mümkünsüzdür. Şəxsi ambisiyasının quluna çevrilən bu məxluq açıq-aşkar ermənilərə dəstəyini, onları necə müdafiə etdiyinə aydınlıq gətirir. “Hüquq müdafiəçisi” anlayışının mahiyyətini dərk etməyən bir şəxsin hansısa hüquq təşkilatına rəhbərlik etməsi gülünc deyilmi? Nə üçün onu ermənilərin əsassız torpaq iddiasına əsasən yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın pozulmuş hüquqları narahat etmir? Nə üçün onun sırasında addımlayan, dövlət maraqlarını öz şəxsi maraqlarına qurban verən “hüquq müdafiəçiləri” Xocalı hadisəsinin işıq saldığı erməni vəhşiliklərinə göz yumur, laqeyd yanaşırlar?

Fransada oturub ölkənin əleyhinə ictimai fikirdə ikrah doğuran fikirlər səsləndirməkdən, ermənilərə dəstək göstərməkdənsə, vətəndaşlıq təəssübkeşliyindən çıxış edib, dünyaya səs salan Xocalı hadisəsinin soyqırımı kimi tanıdılmasına töhfə vermək yaxşı olmazmı? Ermənilər dünya ölkələrini gəzə-gəzə reallıqdan uzaq, yazdıqları saxta tarixə uyğun olaraq qondarma “erməni soyqırımı”nı həqiqət kimi qəbul etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Onlara vidadi isgəndərlilər bir alət kimi gərəkdir. Təbii ki, Vətəninə, xalqına xəyanət yolunu tutan belələrinə nəinki ölkədə, dünyada belə müsbət düşüncə ilə yanaşmaq qeyri-mümkündür. Baxmayaraq ki, vidadilər üçün bu normal yanaşmadır.

Bu açıqlaması ilə kimliyinə bir daha aydınlıq gətirən Vidadi İsgəndərli açıq-aşkar Azərbaycan hakimiyyətinin ölkəmizin davamlı inkişafına xidmət edən siyasətinə qərəzli yanaşdığını qabarıq şəkildə büruzə verir. Bu gün Azərbaycan inkişafın ən yüksək səviyyəsindədir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanaraq, davamlı addımlara yol açır. Dövlətimizin başçısı İlham Əliyevin hər bir təşəbbüsü xalq tərəfindən dəstəklənir, yüksək əhval-ruhiyyəyə yol açır. Bu gün ölkəmizdə xalq-iqtidar birliyinin ən yuksək səviyyədə olduğu göz önündədir. Ölkəmizdə sabitliyin təminatçısı kimi çıxış edən bu birlik, eyni zamanda, davamlı inkişafı şərtləndirir. Yeganə problemimiz yalnız və yalnız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir ki, xalqımız dövlətimizin uğurla daxili və xarici siyasəti nəticəsində bu problemimizin də öz müsbət həllini tapacağına, vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa olunacağına, doğma yurd-yuvalarına qayıdacaqlarına əmindir.

2016-cı ilin aprel, ötən ilin Naxçıvan qələbələri, həmçinin hərbi qüdrətimizin günbəgün artması bu əminliyə əsas verir. Hücum diplomatiyasını uğurla həyata keçirən dövlətimizin xarici siyasətinin uğurları göz önündədir. Bu gün dünya ermənilərin əsl simasını görməklə yanaşı, qərar və qətnamələrində Azərbaycanın mövqeyini dəstəkləyir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ən əsası diplomatik uğurlarımız, güclü və qüdrətli ordumuz münaqişənin tezliklə öz ədalətli həllini tapacağına inamı daha da artırır.

Görünür uğurlarımızın fonunda Ermənistanın nəzərə çarpan zəifliyi ermənipərəst qüvvələrin əlində oyuncaq funksiyasını yerinə yetirən vidadiləri narahat etdiyindən belə ikrah doğuran, özünü aşağılayan, ictimai qınağı artıran fikirlərlə çıxış etməyi özünə borc bilməsinə səbəb olur. Amma unudur ki, bu açıqlaması onun daha çox terrorçu olması ilə bağlı şübhələrin yaranmasına yol açır. Hər bir açıqlaması ilə mənəviyyatsızlığını, şərəfsizliyini daha qabarıq şəkildə büruzə verən “hüquq müdafiəçisi” ünvanına deyilən “Hər bir insan mübarizəsini kişi kimi aparmalıdır” tezisindən nəticə çıxarmırsa, bu artıq onun şərəfsizlik xəstəliyindən qaynaqlanır.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə