Dönər “biznesi”: murdar ətlər bizi necə məhv edir?

Elə bir mövzudan yazıram ki, bəlkə də kənardan sırf xırda problem kimi görünür, murdar “toyuq ətindən” hazırlanan, sağlamlığımızın əsl əcəlinə çevrilən dönər biznesi... amma xırda məsələ deyil, hətta günü bu gün İsrail-Fələstin müharibəsindən qat-qat aktual məsələdir xalq olaraq bizim üçün. Hər gün minlərlə, on minlərlə aşağı gəlirli Azərbaycan vətəndaşının qidalandığı dönər məhsulu sağlamlığımız baxımından önəmli yerdə dayanır. Çünki hər gün acanda ondan qidalanırıq. Bəs hansı ətdən, hansı şəraitdə və hansı standartlarla hazırlanır bu əcəl dönərləri?? Hə, bax bu məsələ bütün əmmaların açar mövzusudur. Min dəfə təəssüf olsun ki, bu sualın cavabı yoxdur. Heç kim bilmir nədən hazırlanır. Yalançı sertifikatları asıblar o dönərxanalardan fəxri fərman kimi. Amma hər kəsə məlumdur ki, o sertfikatların hamısı yalançı və fırıldaq formallıqdan başqa heç nəyə yaramır. Çünki dönərxanada bəh-bəhlə yediyin həmin dönər ətinin mənşəyini, sağlamlıq dərəcəsini axtarıb tapmaq qaranlıq tuneldə iynə axtarmaq kimi bir şeydir....

Bir haşiyə çıxmasam olmaz. Artıq bu yazını oxuyan hər kəs mənimlə razılaşar ki, artıq təbii qida deyilən məfhumu beyin hüceyrələrimizdən silmişik. Çünki ölkəmizdə təbii qida da artıq qəhətə çıxıb, əvəzində marketlərdə geni dəyişilmiş, insan sağlamlığı üçün ölüm saçan qidalarla orqanizmimizi məhv edirik. İri supermarketlərdə və hipermarketlərdə əsl mənşəyi və real qiyməti məlum olmayan ərzaqların adamın gözünə girdiyi bir vaxtda yaşayırıq. İndi təbii heç nə qalmayıb.
Hər gün nələr yeyirik? Filtirlənmiş, kimyəvi qatqı əlavə olunmuş su içirik, qatqı əlavə olunmuş yalançı süd, üzüağ salafan kimi ağappaq olan “qatıq”, ağardılması üçün neçə ton gübrə istifadə olunan və ən aşağı kateqoriyalı “undan” hazırlanan, ən dəhşətli xəstəlik törəyicisi sayılan zavod çörəyi, evlərə verilən çirkli suların həddən artıq xlorla doldurulması – bütün bu sadaladıqlarım dəhşətli də olsa gerçək həyatımızın acı rentgenidir. Hətta artıq süni ət və süni düyü dövrünün başlanmasına “bismillah” da edilib...

Bəli, hər şey artıq sünidir. Bu süni qida dövründə bir də kasıb kütlənin ayaqüstü öz mədəsini aldatmaq üçün gündəlik aldığı 2-3 manatlıq dönərlər də mənşəyi naməlum, hətta insan orqanizmi üçün həddindən çox təhlükəli “ətlərlə” zəngindir. Bu murdar ətlərdən hazırlanan dönərlərdən zəhərlənmə faktları kəllə-çarxa çıxıb artıq. Ən son bir neçə gün bundan əvvəl Binə qəsəbəsində 20-dən çox məktəbli dönərdən zəhərlənib xəstəxanalara düşdülər. Böyük, gənc, uşaq – bütün yaş kateqoriyalarında gündəlik istifadə olunan dönər ticarəti min təəssüf ki, nəzarətsiz əzrayıl kimi cəmiyyəti dolaşır. Necə olur ki, bu dönər ticarətinə ciddi nəzarət mexanizmi yaradılmayıb? Axı gündəlik on minlərlə insanın istifadə etdiyi bu qida ticarəti üzərində nədən nəzarət yoxdur? Mən qarışıq yəqin bütün cəmiyyət dönər biznesinin belə başdan-başa sərbəst, şıdırğı şəkildə rahat milyonlar qazanmasının mümkün olmadığına əminik.
Yəqin belə murdar ətlərdən hazırlanan dönər biznesi üçün gözlərini bilərəkdən “qapadan”, qulaqlarına pambıq tıxayan aidiyyatı qurumlar, cavabdeh şəxslər mütləq var. İndi hansısa küçəyə bir limon, bir stəkan tum qoyub satsan yüz yerdən başına yığılacaq, gözünü ova-ova icazə vərəqi tələb edəcəklər. Bəs bu boyda dönər biznesi üçün kimdən icazə alınıb? Hanı hər gün dönərxanalarda istifadə olunan toyuq və ət məhsullarının gerçək sağlamlıq kağızları? Formal, yalançı, müəyyən “şirinlik” müqabilində insan həyatı üçün təhlükə saçan qüsurlara göz yuman “nəzarət”in özü elə ən böyük cinayətdir!
Görəsən, insan həyatından baha tutulan dönər biznesi nə qədər can almalıdır ki, nəhayət ki, illərdir gözləri “bağlanan” təşkilatlar hərəkətə keçələr? Mənim özümdən tutmuş hamıya – hər gün aclığını ötüşdürmək üçün mənşəyi məlum olmayan dönərdən bəh-bəhlə yeyən on minlərlə insana da, dönər işi ilə məşğul olanlara da, bu dönər alverçilərinə nəzarət etməli olan təşkilatlara da gün kimi aydındır ki, bu gün Azərbaycanda heç bir məntəqədə standartlara uyğun çalışan bircə dənə də dönərxana yoxdur. Nə işin təşkili, nə alınan ətin sağlamlıq dərəcəsi, nə istifadə olunan ədviyyatlar qaydalara uyğun gəlmir.

Ən dəhşətlisi odur ki, dönərdən zəhərlənmə faktlarının əksəriyyəti ciddi-cəhdlə gizlədilir. Mətbuat, sosial şəbəkələr olmasa geniş cəmiyyət xəbərsiz qalacaq dönər biznesinin dəhşətlərindən. İstəmirlər zəhərlənmə barədə cəmiyyət bilsin, “yatmışlar oyansın”. Bu zəhərlənmələrdən xüsusən gənclər, tələbələr əzab çəkirlər. Biz həm də gələcək nəsillərimizi zəhərləndiririk bəribaşdan. Qida ekspertləri açıq şəkildə mətbuatda bəyan edirlər ki, ən təhlükəli, yararsız, ölmüş heyvan ətlərinin izi dönərxanalara gəlib çıxır. Bu “leş biznesi” sonda hamımızın sonuna çıxacaq, biz onun sonuna çıxa bilməsək də.….

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə