Boşanmalar pik həddə çatıb: SƏBƏB NƏDİR?

Vaxt var idi bu ölkədə, şəhərli-kəndli hər ailədə boşanma adı gələndə hər kəsi sarsıntı, dərin narahatlıq bürüyərdi. Xüsusilə, kənd-kəsəkdə boşanan ailələri barmaqla göstərərdilər. Ağsaqqallı-ağbirçəkli düşürdülər əl-ayağa, hər kəs bir yandan çalışırdı ki, ailə dağılmasının qarşısı alınsın, uşaqlar başsız qalmasın. Hər iki tərəfi dinləyib uzaqgörən qərar verilərdi. El məhkəməsi vardı o vaxtlar. Hər söz-söhbətdən ötrü ailələr dağılmazdı. Ailə dəyərləri göz bəbəyi kimi qorunurdu əvvəllər. Sözsüz ki, əvvəlki nəsillərin düşüncəsi, milli mentalitetə, dəyərlərə olan sadiqliyi bir başqa idi. Haqlısınız, o zamanlar sosial şəbəkələr, mobil telefonlar yox idi. Amma bütün günahları zəmanənin, texnologiya inkişafının üzərinə atmaq da çox məntiqsiz sayılar.

Diqqət edin: ər evində oturmaqdan bezib, sərbəst yaşamaq, “azad həyat sürmək” eşqinə düşənlərin sayı durmadan artır. Belələri yol alırlar fahişəliyi və qeyrətsizliyi reklam edən efirlərin canına. Bütün günü “ər şiddəti”nin, qonşusu ilə əxlaqsızlıq edən qadınların reklamı gedir. Sanki bilə-bilə ailə dəyərlərini məhv etmək istəyirlər. Üstəgəl, sosial şəbəkələrdə cinsi azlıqların harın həyatının gözə soxulması bu siyasətin tərkib hissəsidir. Xüsusilə, son bir neçə il ərzində sosial şəbəkələrdə əksər qadınların yersiz “fəallığı”, ağına-bozuna baxmadan ailəli olduğunu kənara tullayıb özünə sevgili axtarışına çıxması ailələrin kütləvi şəkildə dağılmasına yol açır. Evli xanım ailə məsuliyyətini, abır-həyasını ayaq altına atıb bu yolu tutursa, bu, bir cəmiyyət üçün əsl FACİƏDİR! Ərini, uşaqlarını düşünməyən, evdə biş-düş əvəzinə sosial şəbəkələrdə “biş-düş edən” bu cür evli xanımlar, həm də öz sonlarını gətirirlər. Çünki ailəsi dağılandan sonra onu hamar, cah-cəlallı ömür gözləmir. Gözəlliyinin üstündə olacağı vaxta qədər, sonra küçələrə atılan həyatı başlayır belələrinin. Bir çoxları boşanmaları sosial problemlər, pulsuzluq və işsizliklə əlaqələndirirlər. Sözsüz ki, evə qazanc gəlməyəndə qazana sevgi dolu sözlərdən ibarət ərzaq doldurmaq olmur. Mütləq qazanc lazımdır. Amma ailəni qorumaq, əl-ələ verib çətinlikdən çıxmaq əvəzinə çətinlikləri bəhanə edib boşanmağı seçənlər indi kəllə-çarxa çıxıblar. Bircə fakt bu dediklərimə gün kimi misaldır: İkinci Dünya müharibəsində insanlar yeməyə yox, qoxulayıb cigərlərinə çəkməyə çörək tapmırdılar. Amma indiki dövr üçün nə qədər əcaib görünsə də, o zaman, yəni ikinci dünya müharibəsi zamanı boşanan ailə qeydə alınmadı! Bu da sənə fakt..

Yüksək aliment, qanunun boşluğu, yoxsa sosial şəbəkələr?

Təəssüf ki, Ailə Məcəlləsindəki bir sıra boşluqlar da boşanmalar üçün əsl “yemdir”. Təsəvvür edin ki, məhkəmələrimizdə boşanma prosesi yazıq kişinin əsl faciə tamaşasına çevrilir. Bütün hallarda günahkar, məhz KİŞİLƏR elan olunur. Mən, kişi-qadın ayrı-seçkiliyi aparmıram. Amma fakt odur ki, qadının zərif cins olmasına görə qanunvericilik tamamilə birtərəfli şəkildə qadının yanındadır. Boşanmanın səbəbini nəzərə almadan belə! Sözsüz ki, içki düşkünü, narkoman, ailəsinə baxmayan, həyat yoldaşına, övladlarına zülm edən ərləri yüz qatına cərimələmək lazımdır. Belələrinə heç bir güzəşt olmaz. Bu tiplər ailə dəyərləri üçün üz qarasıdır. O başqa məsələ.

Təsəvvür edin ki, ailəsinə, ocağına xəyanət edən əxlaqsız yolun yolçusu ifşa olunur və özünə hörmət edən ər onu həyatından silməyə qərar verir. Çünki bunun başqa alternativ variantı da yoxdur. Namusunu ayaqlar altına atan qadınla bir yastığa baş qoymaq əsl Azərbaycan kişisinin görəcəyi iş deyil...

Həmin anda həmin bu pis yolun yolçusu olan qadın xəyanət etdiyi kişidən 1 otaqlı ev və aliment qoparıb sakitcə, “azad şəkildə” tam sərbəst həyatına davam edir. Əsl azadlıq! Bəs hanı ədalət, hanı qanunun aliliyi? Məhkəmədə niyə ailəsinə xəyanət yolu tutan birisinə cəza verilmir, niyə onun hüquqları məhdudlaşdırılmır? Belə çıxır ki, qadın xəyanət edəcək, ailəsini atacaq, amma namuslu əri ona 1 otaqlı ev və uşağa görə 18 il aliment ödəyəcək. Bu, necə ədalətdir ki? Demək belə getsə, cəmi bir neçə ildən sonra rəsmi nikaha girənlərin sayı da nadir statistika arxivinə çevriləcək. İndi əksər oğlanlar da ayılıblar ki, əksər qızlar ailə qurmaq, ev-eşik sahibi, övlad sahibi olub bir ömür bir yerdə xoşbəxt həyat sürmək üçün yox, 3-5 ay evli olub əmlak və aliment sahibi olmaq üçün “evlənirlər”. Bu məsələ, gerçəkdən olduqca ciddi xəbərdarlıqdır. Bu, sözün əsl mənasında, milli dəyərlərimizin gələcəyi üçün tarixi həyəcan təbilidir.

Boşanmanın qurbanı-günahsız uşaqlar!

Və ən sonda gələk bu boşanmalardan əziyyət çəkən əsas hədəf olan balaca uşaqlara. Onlar, ata və analarının arasında baş verənlərdən, ailə münaqişələrindən bixəbər olurlar. Yəni, yaşı 10-a çatmayan uşaqlardan danışıram. Amma o uşaq yaddaşlarına elə bir zərbə həkk olunur ki, bir ömür o zərbənin təsirindən həyatları boyu əziyyət çəkirlər. Görəsən, valideyn adını doğum şəhadətnaməsində yazdıran insanlar, o ada layiq olmaq barədə heç həyatları boyu ayda-ildə bir dəfə də olsun düşünürlərmi?
Məktəbə atasız gedən uşağın, həmyaşıdlarına olan ata qayğısını necə həsədlə, əsəbiliklə və hətta nifrətlə seyr edəcəyini heç düşündülərmi boşanmaya tələsənlər? Düşündülərmi ki, bu uşaq ata-ana sevgisindən məhrum olan, ailə sevgisi yaşamayan bir fərd olaraq əbədi şikəst kimi böyüyəcək? Düşünsələr məsuliyyətsiz addımlar atmaz, dünyaya gətirdikləri körpələrin atasız-anasız böyüməsinə yol açmazlar. Ailə məsuliyyəti deyilən məfhumdan xəbəri olmayan yüzlərlə ailə var cəmiyyətimizdə. Təəssüf ki, ailə qurmaqla bağlı maarifləndirmə hələ ki, mənasız və ətürpədən yalançı cümlələrdən uzağa getmir. Demək ki, sevgidən daha əvvəl quracağın ailənin məsuliyyətini anlamaq və onu qorumaq barədə düşünməlisən. Çünki sən hollandiyalı, belçikalı, norveçli və ya başqa birisi deyilsən. Sən ailə dəyərlərini min illərdir qoruyub saxlayan, ta bu günlərə gətirib çıxaran ƏSL AZƏRBAYCANLISAN!...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə