Qərb Paşinyan üçün hansı rolu biçib: Zelenski, yoxsa Saakaşvili?

Beynəlxalq güclər, xüsusilə, Fransa və pərdəarxası digər maraqlı qüvvələr Qarabağda sülhün baş tutmaması üçün ən ağlasığmaz, hətta çəkinmədən deyərdim ki, ən alçaq addımlara belə baş vurmağa başlayıblar. Sanki əsrlərdir zaman-zaman separatçı ermənilərə dəstək olan qüvvələrin qan gölünə çevirdikləri bu bölgədə sülhün olması beynəlxalq gücləri bərk narahat edir. Səbəb olduqca sadədir. Çünki sülh müqaviləsi imzalansa, sadə ermənilər Azərbaycana sürətlə inteqrasiya etsələr, o zaman artıq Fransa başda olmaqla digər qüvvələrin qızışdırıcı siyasəti də tarixin zibilliyinə atılacaq. Var gücləri ilə sülh müqaviləsinin baş tutmaması üçün çalışır, yaxud həmin imzalanacaq sülh müqaviləsinə onların maraqlarına cavab verən maddələrin salınması üçün çapalayırlar. Son dərəcə aşkar olan fakt odur ki, qərbdəkilər, xüsusilə, Fransa və son zamanlar səxavət kisəsini 100 milyon dollardan açaraq, ermənilərə “sahiblik etmək” iddiasına düşən Avropa İttifaqı yeni məkrli planın üstündə baş sındırırlar.

Onlar Nikol Paşinyandan yeni Volodimir Zelenski, yaxud da keçid siyasəti üçün Mixail Saakaşvili düzəltməyə çalışırlar. N.Paşinyanın son vaxtlar açıq şəkildə anti-Rusiya ritorikası, Ermənistan parlamentinin Roma Konvensiyasını radifikasiya etməsi, Nikol Varvaroviçin MDB-nin Düşənbədə keçirilən toplantısına qatılmaması, üstəlik, erməni mediasının hökumət mənbələrinə əsaslanaraq Ermənistanın KTMT-dən çıxacağı barədə ardıcıl xəbərlər tirajlaması deməyə tam əsas verir ki, Ermənistanın hazırkı hökuməti daha qanlı planlar üçün belinə bomba bağlanmış qanlı partlayıcı vəziyyətindədir.

Diqqət edin: N.Paşinyan Avropa Parlamentində alqışlarla alqışlanır, sanki müharibədə rəzil şəkildə məğlub olmuş, Ermənistanda demokratiya əvəzinə tək adamlıq rejim yaradan, müxalifətin kəlmə kəsməsinə belə izn verməyən bu siyasi təlxək deyildi. Nəyini alqışlayırsan? Hə, diqqət edəndə ki, Kanada parlamentində də 90 yaşlı qocaman faşisti ayaq üstə alqışamışdılar, onda hazırkı Avropa siyasi arenası üçün siyasi təlxəkləri və faşistlərin alqışlanması adi hal sayıla bilər. Açıq görünür ki, qərb Qafqaz üçün yeni plan hazırlayıb və bunun üçün Ermənistan hökumətinə başçılıq edən siyasi təlxəyi qurbanlıq olaraq seçiblər. Avropa İttifaqının Xankəndidən öz istəkləri ilə, deyə-gülə İrəvana üz tutan erməniləri “qaçqın statusuna” qaldırması, bundan siyasi məqsədlər üçün istifadəyə hazırlaşması, hətta bu ermənilərdən qarşıdakı müddətdə Azərbaycana qarşı siyasi təzyiq vasitəsi olaraq istifadəyə hazırlaşması məkrli planların xəbərçisidir.

Diqqət edin: Avropa İttifaqı Xankəndidən İrəvana gedənlər üçün Ermənistan hökumətinə 100 milyon dolları artıq İrəvana göndərib. Gözlənilən odur ki, bu maliyyənin məbləği qarşıdakı müddətdə azı iki dəfə çoxaldılacaq. Fikir verin, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Qranadadakı toplantıda jurnalistlərə nə deyir: “Biz Ermənistana güclü dəstək veririk və onun humanitar ehtiyaclarını dəstəkləyirik”, - o bildirib. Ursula von der Leyen Aİ-nin eyni zamanda, Ermənistana əlavə olaraq 15 milyon avro büdcə dəstəyi verəcəyini qeyd edib. Hansı humanitar problemlərə? N.Paşinyan tiraniyası altında sosial böhran və korrupsiya içində boğulan Ermənistana nə dəstəkdir belə? Ermənistandakı tiran hakimiyyəti və N.Paşinyan hökumətinin korrupsiya əməllərini görmək üçün xanım Leyenə təkcə erməni mediasındakı yazılara diqqət etmək kifayət etməzmi? Etməz! Çünki belə faktlar, qanun və demokratiya deyimləri onların vecinə də deyil. Onlara öz yırtıcı siyasətləri üçün erməni xisləti lazımdır.

Budur, ikili siyasətin açıq nümunəsi ortadadır! Bəs 1988-1994-cü illərdə erməni faşistlərinin al-qana boyadıqları, ayaqyalın, soyuq şaxtada meşələrdə donan, övladını yollarda itirən azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün həmin bu Avropa İnstitutları niyə bir dəfə narahat olmadılar ki? Nədən erməni faşizminin qurbanı olan qocalara, körpələrə dəstək üçün bircə sent də ayırmadılar o zaman? Həmin Avropa İttifaqı, həmin Fransa, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya elə o vaxtlar da var idilər. Nədir, yoxsa Avropadakılar həqiqi zülmə məruz qalanlara deyil, məhz bunların maraqlarına çalışanlara “humanist üzünü” göstərir? Əlbəttə, Ruandada, Əlcəzairdə, Əfqanıstanda, Fələstində - hər yerdə siyasi maskaları yırtılmış bu yırtıcı Avropa elitası üçün yalnız öz maraqları öndə gəlir. Onlar Azərbaycanın Xankəndidəki separatçı faşist tör-töküntülərini məhv etməsindən sonra Azərbaycana qarşı daha hiddətlə yeni düşmənçilik siyasəti yürüdürlər.

Xüsusilə, Türkiyə faktorunun Qafqazda önə keçməsi, üstəlik, regiondakı proseslərdə rəsmi Ankara ilə Moskva arasındakı sıx əməkdaşlıq əksəriyyəti cinsi azlıq olan avropalı siyasətçilərin yuxusuna haram qatıb. Əsrlərdir beyinləri yırtıcı siyasət yürütməklə zəhərlənmiş və zombiləşmiş qərb siyasi dairələri Ukraynadakı qanlı laboratoriyadan sonra bu dəfə Qafqazda yeni qanlı planlar hazırlayırlar. Xankəndidən gedən erməniləri ciddi-cəhdlə “məcburi qaçqın” statusuna mindirməklə Qərb dairələri qarşıdakı müddətdə Azərbaycan əleyhinə yeni beynəlxalq təxribat üçün zəmin hazırlayır. Baş rolda N.Paşinyan olacaq. Qanlı olaylar üçün seçilən siyasi təlxək yeni rolu üçün səhnəyə çıxır. Salfet kimi silinib atılacağı günə qədər...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə