Niyə biz də o əjdahadan olmasın ki? KÖŞƏ

Hərdən öz-özümə giley-güzar edirəm ki, ataların da çox qəribə, maraqlı deyimləri, aforizmləri var. Misal üçün, "ac toyuq yuxusunda darı görər". Əslində, bu məsəlin məğzi, mənası heç də anlaşılan deyil. Ona görə ki, birincisi, toyuq o dərəcə də dərin yuxuya getmir, ikincisi isə, onun yuxuda darı görə biləcəyi inandırıcı deyil. Nədən ki, o nə hisslərini, nə də arzularını anlada bilmir. Sadəcə, mənim gəldiyim qənaət ondan ibarətdir ki, müdrik el ağsaqqalları ac-yalavac, bir qarın çörəyə həsrət qalan insanların xəyallarından keçirdiklərini toyuq-cücənin adı ilə şifahi xalq ədəbiyyatına yazdırıblar. Bizlər və sizlər, ümumilikdə kaş maşınım, evim olaydı, kaş banklara borcum olmayaydı, obyektim, yaxşı pulum-param olaydı, kaş… və bu kaşları deyənə rişxənd edən bir para ağzıgöyçək "ac toyuq yuxusunda darı görər" məsəlini şaqrak gülüşləri ilə dönə-dönə səsləndirib, onu lağa qoyur. Biçarə kaş…ların müəllifi ağzına su alıb susur, şaqrak gülüşü ilə sifətinin qırmızılığı daha qabarıq şəkildə özünü göstərən kefi şəxsə cavab verə bilmir. Sadəcə, dərindən yanıqlı ah çəkib, gedir işinin gücünün dalınca. Kefi kök insanlardan söz düşmüşkən, yadıma pullu-paralı bir ovuc insanın harın, əndazəni aşan hərəkətləri və əməlləri düşdü. Onları sizlərlə bölüşüb, yormaq fikrindən uzağam. Zatən onları və əməllərini hər kəs bilir. Bəzən qırmızı sifətli və alyanaqlı insanların əndazəni aşan əməlləri haqqında elə xəbərlər eşidirik ki, bir növ adamın damarında qanı donur. Söhbət kimlərdən və nədən gedir? Birincisi, səthi araşdırmalarımla aydınlaşdırmışam ki, son 10 il ərzində 132 icra başçısı, nazir, (hamısı ekslərdir) deputat və digər imkanlı kateqoriyadan olan qırmızı sifət, alyanaqlı məmur və onların övladları xaricə köçüb, orada özlərinə biznes qurublar. İkincisi, adama deyən lazımdır, cəhənnəmə, yığmısan, talamısan, haramın olsun, lakin olmazmı Azərbaycanda "qazandığın" o vəsaiti ölkəmizin şəhər və kəndlərində iş yerləri yaradasan? Sənə nə mane olur ki, əldə etdiyin maliyyəni uzaq xarici ölkələrin iqtisadiyyatına yatırırsan? Qarabağımız artıq azadlığına qovuşub. Yeni iş yerlərinin, obyektlərin, fabriklərin, zavodların tikilməsinə, istirahət parklarının açılmasına və qurulmasına zərurət var. Niyə Qarabağın zəruri hesab olunan sahələrinə yatırımlar etmirsiniz? Təbii ki, düşünürsünüz ki, milyonlara sahib olduğunuzu Azərbaycan insanları da bilər və sizləri qınayar. Lakin cəmiyyət onsuz da kimin rüşvətxor, hansı ölkədə nə işlə məşğul olduğunu və kimin xalq və dövlət üçün çalışdığını bilir. Ona görə də, cidanı çüvalda gizlətmək mümkünsüzdür. Əgər həmin maliyyə vəsaitləri Azərbaycan iqtisadiyyatına qoyulsa, həm yeni şirkətlər açılar, fabrik və zavodlar yaradılar, həm də bundan minlərlə insan iş yeri qazanar. O gün saytların birindən oxuyuram ki, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Moskvada özünə şirkət açıb və balıq, ilan, qurbağa xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışını həyata keçirəcək. Xeyirli və uğurlu olsun, lakin olmazdımı həmin şirkət Bakıda yardılsın və həmin ilanı, qurbağanı və molyuskları Xəzər dənizi sahillərində yetişdirib, Çinə, Yaponiyaya və digər Asiya ölkələrinə ixrac edilsin? Təbii ki, olardı. Bu halda insanlar gölməçələrdən, çay kənarlarından ilanı, qurbağanı tutub Əbülfəz müəllimə satardılar və pul qazanardılar. Eyni zamanda, Əbülfəs Qarayevin şirkətində bir xeyli ilan tutan, qurbağa saxlayan, molyuska bəsləyən insan yetişərdi. Bununla həm ixtisaslı kadrlar yetişərdi, həm də iş yerləri yaranardı. "Bəyin oğurlaması" filmində deyilir ey, "Niyə o əjdahadan biz də yoxdur ki?". Sinəmizə döyüb sosial şəbəkələrdə yazardıq ki, bəli, bizdə əjdaha olmasa da, nəhayət, dəniz məhsulları yetişdirən və onları xarici bazarlara ixrac edən şirkət var. Şirkət yazdım, yadıma bu günlər fəaliyyəti dayandırılan "Muğan" Bankın bağlanması düşdü. Deməli, bankın sahibi keçmiş deputat, "Odlar yurdu" universitetinin rektoru, bir neçə ölkənin professoru, Azərbaycanda və xarici dövlətlərdə çoxsaylı obyektlərin mülkiyyətçisi, nəhayət, "Oksigen" klinikasının sahibi Əhməd Vəliyevin imiş. Açığı təəccüblənmədim. Ona görə ki, əslində, bank kimin olmalıdır ki? Əlbəttə ki, Əhməd Vəliyev kimilərin. Əgər o sahibkardırsa, müəllimdirsə, niyə də ki, bankir adı ilə şərəflənməsin? Hətta bir vətəndaş olaraq Mərkəzi Bankın İdarə Heyətinin "Muğan Bank" ASC-nin lisenziyasının 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilməsi qərarından narazı qaldım. Ən azı ona görə ki, sahibkar-müəllim bir qədər müflisləşəcək və bu da onun sağlamlığına, yaşam tərzinə mənfi təsir göstərəcək. Digər tərəfdən, bankın bağlanmasından "Odlar yurdu" universitet müəllim kollektivi də əziyyət çəkəcəklər. Nədə olmasa müəllim kollektivi öz vəsaitlərini bu bankda gizlədirdilər. Artıq gizlinlər aşkar olunacaq və müəllim tayfası zərər çəkəcək. İndi çarə qalır məhkəməyə müraciət etməyə. Lakin müəllim-sahibkar məhkəməyə müraciət edəcək ya yox, onu təbii ki, zaman göstərəcək.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə