Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bir gün ərzində 6 yaşayış məntəqəsində şanlı üçrəngli bayrağımızı qaldırdı. Azərbaycanın müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısı Xankəndi şəhərinə səfər etdi. Bununla da iki yüz il ərzində torpaqlarımızda bu və ya digər şəkildə fəaliyyət göstərən erməni işğalçılığı və separatizminə son qoyuldu!

Artıq Azərbaycan torpaqları tamamilə erməni işğalçılarından təmizlənib. Bu, həm də o deməkdir ki, şəhidlərimizin qanları yerdə qalmadı. Müzəffər Ali Baş Komandan həm xalqımızın başına gətirilən vəhşiliklərin qisasını aldı, həm də Ulu Öndər Heydər Əliyevin ATA vəsiyyətini yerinə yetirdi. Bu, qalibiyyət triumfunun bariz sübutudur!

Fakt həm də ondan ibarətdir ki, üçtərəfli birgə bəyannamənin 4-cü bəndinin rus kontingenti tərəfindən tam icra edilməməsi müəyyən problemlər yaradırdı. Daha dəqiq desək, proseslərin bir qədər uzanması suverenliyimizə müəyyən təhdidləri qüvvədə saxlayırdı. Lakin Azərbaycan dövləti tədbirli davranaraq, Vətən müharibəsindən sonrakı dövrdə hərbi potensialını daha da artırdı. Həm şərti sərhəddə, həm də Qarabağın rus kontingentinin müvəqqəti məsuliyyət zonasında bir sıra mühüm strateji yüksəklikləri Ermənistan ordusunun qalıqlarından azad etdi. Ərazimizə silah, sursat, hərbi texnika, mina və s. daşınması üçün istifadə olunan Laçın yolunu nəzarətə götürdü. Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılması Azərbaycanın ərazi bütölüyünün təmin etməsilə nəticələndi.

Qarabağdakı separatçı rejim vəziyyətin gərginliyini maksimuma çatdırmaq üçün əlindən gələni etdi

Azərbaycan dəfələrlə erməni silahlılarını ərazimizdən çıxmağa səsləsə də, onlar qulaqardına vurdular. Qarabağdakı separatçı rejim vəziyyətin gərginliyini maksimuma çatdırmaq üçün əlindən gələni etdi. Bu azmış kimi, Azərbaycan torpaqlarında Azərbaycana qarşı bəyanatlar səsləndirildi, ərazi bütövlüyümüz şübhə altına alındı, suverenliyimizə qarşı fəaliyyətlər həyata keçirildi. Güc strukturlarımıza və mülki vətəndaşlarımıza qarşı hərbi təxribatların ardı-arası kəsilmədi.

Təxribatlarının miqyası genişlənəndən sonra Azərbaycan cəmi bir gün ərzində erməni separatizmini, onların hərbi infrastrukturunu darmadağın etdi, erməni silahlılarını çox ciddi itkilərə məruz qoydu və nəticədə separatçı rejim təslim olaraq, özü-özünü buraxdı. Beləliklə, Ermənistan ordusu, onun Qarabağdakı qalıqları son 45 ayda iki dəfə ağ bayraq qaldırdılar.

Azərbaycan separatçılarda mövcud olan silahları, texnikanı müsadirə etdi. Ölkənin qanunvericiliyinə uyğun yaşamaq istəməyən ermənilər üçün yollar açıq saxlanıldı. Bizim qanunlarla yaşamaq istəməyənlər ərazilərimizi tərk etdi, qalmaq istəyənlər isə Azərbaycanda yaşamağa davam edirlər. Ölkədə qalan erməni əhali üçün normal şərait yaradılıb.

Daha bir fakt budur ki, qayıtmaq istəyənlər üçün rəsmi Bakının şərtləri kifayət qədər sadədir: Azərbaycan vətəndaşlığını qəbul etmək. Lakin daha bir dəlil budur ku, bir çoxları Ermənistan tərəfindən maliyyələşdirilən separatçı qurumun hərbi birləşmələrində xidmət ediblər. Bu gün Azərbaycanın istintaq təcridxanalarında ifadə verən separatçı rejim rəhbərlərinin acı aqibəti bu kateqoriyadan olanlar üçün ibrətdir. Qanun qarşısında cavab verən cinayətkarlar isə mütləq öz cəzalarını alacaqlar!

Bütün xəbərlər Facebook səhifəmizdə