Fransız yağı yeyib, sancıya düşənlər KÖŞƏ

Faktlarla sübuta yetirilir ki, harada yalan, şər və böhtan varsa, Azərbaycanın dağıdıcı müxalifəti orada vurnuxmadadır. Nədən ki, hay-küy qaldırmaq, vay-şüvən qoparmaq üçün əllərinə fürsət düşür. Onlar üçün öyrənmək və aydınlaşdırmaq önəmli deyil, problem nədən yaranıb və həlli istiqamətində hansı addımların atılması planlaşdırılır. Əsas odur ki, həmin məqamda danışmaq, ağız-ağıza verib ulamaq üçün imkanları var. Hərəsi bir istiqamətdə iş aparır. Deyək ki, biri çıxır sosial şəbəkələrdə vanqıldayır, digəri Sevinc Osmanqızı deyilən məxluqun TV-sində aləmi-cahana car çəkməyə çalışır, başqa birisi də xarici maraqlı dairələrə donos ünvanlayıb, Azərbaycan haqqında növbəti qərəzli hesabat üçün öz məhsulunu təklif edir. Beləcə, öz ağılları ilə Azərbaycana pislik etdiklərini düşünürlər. Lakin qanmaq istəmirlər ki, apardıqları və təqdim etdikləri məlumatlar və məhsullar qalib xalq "it hürər karvan keçər" kimi dəyərləndirir. Onsuz da son 30 ildə dünyanın bəzi gücləri Azərbaycanın haqq işinə ədalətsiz yanaşma nümayiş etdiriblər. İstər 44 günlük Vətən Müharibəsində, istərsə də 23 saat 44 dəqiqə çəkən antiterror xarakterli tədbirlərdən sonra Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçiriblər. Hətta Avropa parlamenti kimi mötəbər bir qurum tarixində ilk dəfə ermənilərə dədəlik etdiklərini açıq mətnlə göstərən anormal qərar qəbul etdilər. Makron hər gün elə Azərbaycanın dağıdıcı müxalifətinin trolları kimi ermənilərin bədbəxt günə düşməsindən ahu-zar edib, göz yaşı tökür. Şarl Mişel də fransız yağı yeyib, qarınağrısına düşənlərdən olduğunu, Kristofer Smit kimi senatorlar da Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsindən başağrısına tutulduqlarını göstəriblər. Bu baxımdan sapı özümüzdən olub, erməni lobbisinin baltası rolunda çıxış edən dağıdıcı müxalif zatıqırıqların üzüdönüklüyü heç də problem yaratmır. Əksinə, gözlənilən hal kimi qiymətləndirilir. Çünki başa düşülür ki, xarici maraqlı dairələrdən, xüsusilə də, erməni lobbisindən maddi və mənəvi dəstək alan dağıdıcı müxalifət başbilənləri elə onlar kimi düşünüb, elə onlar kimi sayıqlayacaqlar. Necə deyərlər, "havanı kim sifarişi verirsə, o da oynayır". Əlləri arzu etdikləri mərtəbəyə çatmayanda başlayırlar köhnə palan içi tökməyə. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli durub-durub ağlına yerləşdirib və sayıqlayır ki, Laçında şəhərdaxili yolda çatlar yaranıb. Körpülərin tikintisi, min kilometrlərlə magistral yolların çəkilməsi, göz oxşayan kənd və qəsəbələrin, şəhərlərin salınması gözlərinə görünmür, danışılan xoş sözləri eşitmir, haradasa yolda çatlar yaranıb onu fəlakətə çeviriblər. Vay sizin dayaz ağlınıza və olmayan dərrakənizə. AXCP sədri Əli Kərimli ağlına yerləşdirib ki, rus sülhməramlıları Qarabağdan çıxmalıdır. Deyən və başa salan lazımdır ki, onsuz da rus sülhməramlıları bölgəni tərk edirlər. Lokal antiterror tədbirlərindən sonra 15-ə qədər müşahidə məntəqəsini bağlamaları da bunu təsdiq edir. Lakin Ə.Kərimli bunu görmək istəmir, danışmağa mövzu tapmadığından deyinir: "Rusiya ordusunun bundan sonra da Qarabağda qalmaq istəyinə, ilk növbədə, Azərbaycan ictimai fikri, sosial şəbəkə fəalları qətiyyətlə yox deməlidir. Sonra da hökumətdən hamılıqla tələb etməliyik ki, erməni əhali tərk edəndən sonra da Rusiya ordusunun Qarabağda qalmaq istəyinə itaətkarcasına susmasın, Rusiyanın bu istəyinə qəti şəkildə yox desin. Rusiya hakimiyyəti isə Qarabağı tərk etmək niyyətində olmadığını artıq rəsmən açıqladı. Bütün dünyanın, eləcə də Azərbaycan ictimaiyyətinin diqqətini Həmas-İsrail savaşında olduğu bir vaxtda Rusiya xarici işlər nazirinin MDB ölkələri üzrə müavini Mixail Qaluzin belə bir açıqlama verib: "Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələbat var və bu, gələcəkdə də zəruri olacaq". Qaluzin onu da əminliklə bildirib ki, Rusiya "sülhməramlılarının" Qarabağda qalma məsələsi Moskva və Bakı tərəfindən həll olunacaq". AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, AXCP sədr müavinləri Fuad Qəhrəmanlı və Seymur Həzi də liderciklərinin sayıqlamasını təkrarlamaqdan yorulmur. Bu isə onların xüsusi tapşırıq aldıqlarını göstərir. Sabah dağıdıcı müxalif ünsürlər sifariş əsasında Arayikə, Vardanyana, Saakyana və digər məşhər ayağına çəkilən terrorçuların müdafiəsinə qalxsalar təəccüblü görünməyəcək. Çünki dost dostun hansı günündə lazımdır? Təbii ki, zamanında Vardanyan kefinəqulu bir dövran sürürdü, Arayik, Saakyan və digərləri də Xankəndinin nəzarətsiz ərazi olduğundan meydan sulayırdılar. Heç şübhəsiz ki, narkotika ticarətindən, sərvətlərimizin talanmasından əldə olunan vəsaitlərdən erməni lobbisinin hesabına köçürülən pullar olurdu. Oradan da dağıdıcı müxalif ünsürlər də bəhrələnirdi. Cəmil Həsənli səbəbsiz yerə deməmişdir ki, "mən hər ay xarici fondan 200 ABŞ dolları almışam". AXCP sədri Əli Kərimli Gürcüstan vasitəsi ilə cibi dolusu pullar əldə edib. Eyni ilə Tofiq Yaqublu, Gültəkin Hacıbəyli də erməni lobbisinin qazanın dibini yalamaqla özlərinin əyin-başlarını düzəldib, yaşayışlarını sahmana salıblar. Lakin bu hal müvəqqəti xarakter daşıyır. Çünki "haynan gələn vaynan gedər" deyiblər. Dağıdıcı müxalif ünsürlərin də qazancları elə dəmir barmaqlıqlar arasından boylanan Vardanyanın uzun müddətə həbs atılması ilə başa çatacaq, elə siyasi varlıqları da.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə