Politoloqlar var ki, özlərini Nostradamus kimi aparırlar KÖŞƏ
Müasir dünyamız bir sıra yeniliklərlə bəşəri varlığı təəccübləndirməkdədir. Kimisi bu yeniliklərdən yararlanır və yaşam tərzini ona uyğun qurur, elələri də var ki, kənarda dayanıb, acı təəssüf hissi ilə baş verənləri izləyir. Bir qism insan var ki, bir növ ortadadılar. Yəni, nə müasir dövrlə ayaqlaşa bilirlər, nə də kənara çəkilib işi bacaranlara işlərini görməyə imkan vermirlər. Xüsusilə də, bu kimi kəm-kəsir zehni fəaliyyət sahəsində özünü daha qabarıq göstərməkdədir. Bir də görürsən ki, dünən hərbçi olan bu gün siyasi-hərbi ekspert kimi mətbuata açıqlamalar verir, sosial şəbəkələrdə proqnozlarla çıxışlar edir. Ümumtəhsil məktəblərdə şagirdlərə düz-əməlli dərs keçə bilməyənlər var ki, TV-lərin ulduzuna çevrilib, politoloq kimi siyasi, hərbi proseslər barədə şərhlərini verirlər. Son vaxlar isə politoloqların sayı yağışdan sonra çıxan göbələk kimi sayları artıb. Kimi dindirsən deyir ki, "mən politoloqam" növbəti parlament seçkilərində də namizəliyimi irəli sürüb deputat olacam. Elələri də var ki, mətbuata yenicə çıxıb, amma "həmkarları"nı bəyənmir. Biri var özünü hərbi ekspert kimi təqdim edir. Bəzən fikirlərini söyüşlə, təhqirlə ifadə edir. O günləri də bir deputatı hədəfə alıb, onu "sən kişi deyilsən", "sən eşşəksən" və bu kimi söyüşləri ilə təhqir etdi. Ancaq bu "sayseçmə politoloqlar" anlamırlar ki, ictimaiyyətin siyasi biliklərinin və intellektual bacarıqlarının artırılmasında politoloq müstəsna imkanlara malikdirlər. Politologiya siyasətin elmi tədqiqidir. Bir növ tədqiqatçıdır. Politoloqların proqnozları, təhlilləri cəmiyyətlərin inkişafına töfhə verməklə yanaşı, insanların maarifləndirilməsinə xidmət etməlidir. Analitiklərin gəldikləri qənaətə görə, siyasi elmdə bir neçə nəzəriyyə mövcuddur ki, onlardan da ən aktualı təsviri səviyyə, izahlı səviyyə, proqnozlaşdırıcı səviyyə və nəzəri səviyyədir. Özlərini cəmiyyətə politoloq kimi təqdim etməyə çalışanlar bu prinsipləri və qaydaları mənimsəmədən hadisələrə və proseslərin gedişi barədə təhlillərini və proqnozlarını irəli sürmələri yanlışdır. Təəssüf ki, politoloq qismində özlərini təqdim edənlər ağına-bozuna baxmadan hadisələrin gedişi haqqında cəfəng, heç bir informasiya yükü olmayan fikirlər səsləndirirlər. Bəzən şərhlər verərkən elə ifadələr seçirlər ki, adamın ayağının altından yer qaçır. Nədi-nədi TV-lərdə dostu, tanışı çalışır, saytlara çıxış imkanları var. Belə demək mümkünsə, politogiya sahəsində at izi, it izinə qarışıb. Hərə ağılına və ağızına gələni danışır. Dediklərinin fərqinə varan, məsuliyyətini anlayan da yoxdur. Dərk etmirlər ki, açıqladıqları yanlış fikir cəmiyyətdə çaşqınlıq yarada bilər. O gün internet tv-lərin birinə açıqlama verən bir politoloq deyir ki, vaxtaşırı olaraq Xankəndidəki erməni əsilli şəxslərlə əlaqə saxlayır və gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan ordusu Xankəndi şəhərinə girməyəcək. Başqa bir "politoloq" isə and-aman edir ki, bəs ermənilər Qarabağda qalmayacaqlar, hamısı qaçacaqlar. Birincisi, adını yazmaqla alçaltmaq istəmədiyimiz "politoloq" anlamalıdır ki, ermənilərin Qarabağdan Ermənistana qaçacaqlarını hər kəs bilir, ən azı sosial şəbəkələrdə böyük erməni köçünü izləyirlər. İkincisi isə, Xankəndidə bəlli sayda erməninin qalacağı şübhəsizdir, yəni heç də hamısı getməyəcək. Lakin abır və həyaları olsa idi, bu torpaqları tərk edərdilər. Fərid Şəfiyev adlı şəxs isə tv aparıcısına özünü məlumatlı şəxs kimi təqdim etməyə çalışaraq iddia edirdi ki, Azərbaycan polisi 2025-ci ilə qədər Xankəndi şəhərinə daxil olmayacaq. Deyən və başa salan lazımdır ki, haradan bilirsən? Sən dövlətin ali rəhbərliyində çalışırsan, yoxsa erməni əsilli şəxslərlə əlaqələrin qurulması üzrə danışıqların iştirakçısısan? Bəlkə Mişel Nostradamusun ruhu bədəninə girib, öncəgörən olmusan? Hər şeyin sərhədi olduğu kimi, xəbərin verilməsində və proqnozların irəli sürülməsində də sərhəd olmalıdır. Əks təqdirdə, cəmiyyətdə ziddiyyətli fikir formalaşar ki, bundan da məkrli xarici qüvvələr əleyhimizə istifadə edə bilərlər.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə