Müasir dünyamızın intellekt vasitəsi hesab olan sosial şəbəkələrdə təhqir və söyüş elementlərindən istifadə halları artmaqdadır. Soyunan, lüt-üryan özlərini təqdim edənlər də az deyil. Bəzən elə videolarla rastlaşırsan ki, bir neçə dəfə “Allahım dünyanı niyə dağıtmırsan?” deməkdən çəkinmirsən. Sanki o qadınların, qızların heç kimi yoxdur. Elə bil onlar dünyaya əcaib-qəraib məxluqun qucağında gəliblər, heç kimləri yoxdur. Ancaq və lakin bir məqamda düşünürsən ki, ins-cinsin qucağında gələn tarakanların belə, heç şübhəsiz ki, tanış-bilişləri var. Niyə görə ən azı həmin tanış-bilişdən abır- həya etmirlər? Cavab verilə bilər ki, o abır-həya hissi onlarda yoxdur. Olsun, bəs psixoloqlar, könüllülər, ictimai təşkilatlar və nəhayət, polis niyə bir tədbir görmür? Nədən sağlam, təhlükəsiz cəmiyyət qurmağa cəhd etdiyimiz bir vaxtda, sosial şəbəkələri çirkləndirən məxluqlar tənbeh olunmur, onlarla maarifləndirici söhbətlər aparılmır? Suallar çoxdur, cavabların isə verilməyəcəyi şübhəsizdir. Nədən ki, hər kəs “cəhənnəmə mənə nə” deyə söylənir. Laqeydlik, etinasızlıq sosial şəbəkələrdə söyüşün birini bir qəpiyə endirib, lüt-üryan videoların sayı əndazəni aşırıb. Vəziyyət elə bir həddə çatıb ki, xalqını sevən, dövlətinə bağlı insanlar söz deməyə, fikir bildirməyə qorxurlar. Çəkinirlər ki, ağzıgöyçəklər onları dediyi fikirlərə görə peşman edəcəklər. Sosial şəbəkələrdə hədəfə çevrilib, haqqında min cür şəbədə qoşacaqlar, ittihamlar səsləndirəcəklər. Fikir vermişəm, ən çox hədəfə çevrilən Milli Məclisin deputatlarıdır. Düzdür, onların arasında elələri var ki, həqiqətən də, mənim də xoşlamadığım deputatlardır. Fəaliyyətlərindən, danışıqlarından, cəmiyyətdə özlərini aparmalarından heç xoşlanmıram. Onların sayı bir o qədər də çox deyil, cəmi üç nəfərdir. Xüsusilə də biri var yuxarı başda oturur, dövlət tədbirlərində əynində qara kostyum, ayağında da ağ krasovka olur. Bəzən ayağını ayağının üstünə aşırıb, qəzəbli nəzərlərlə ətrafı süzür. Elə anlaşılır ki, sanki ətrafdakı insanların ona borcu-filanı var. Lakin mənim münasibətimin necə olmağından asılı olmayaraq, onu heç zaman təhqir edib, haqqında şər və böhtanlar səsləndirə bilmərəm. Bu nə aldığım tərbiyəyə, nə də keçdiyim qürurverici yola uyğun deyil. Sadəcə, həmin o üç deputatdan heç xoşum gəlmir. Lakin elə narazı şəxslər var ki, hisslərinə nəzarət edə bilmirlər, dərhal tullanıb keçirlər sosial şəbəkələrin sükanı arxasına, başlayırlar qisasçılıq mövqelərini ifadə etməyə. O günləri də özünü haranınsa polkovniki kimi təqdim edib, addımbaşı “mən zabitəm” deyə bağıran birisi bir deputatı ağ yuyub, qara sərdi. “Zabit” ağzını açıb, gözünü yummaqla cavan deputatı (özünün dediyinə görə, həmin deputat cavandır) söyüb, təhqir etdi: “Millət vəkili trolluq edir, görüşəndə onu başa salacam... boyunu yerə soxum sənin.... sənin kişiliyin çatırsa rusa cavab ver. Kişiliyin çatmırsa, pafosla danışma ... trolluq eləyir, utanıb ölmür. Qulağından tutub, oturdublar orada, əyninə də kostyum geyindiriblər, indi gəlib mənə ağıl öyrədir ki, bu, siyasətdir. Rusiya mənim başıma bu oyunu gətirir, bu da eşşək kimi ona əl çalır....”
Nə isə, özünü “polkovnik” kimi təqdim edən şəxs biçarə deputatı əməlli-başlı pomidor kimi əzib suyunu çıxartdı. Sonda da amiranə şəkildə deputatı hədələdi. İndi bilmirəm o deputata qarşı nə edəcək, döyəcək, yoxsa mənəvi terrorunu davam etdirəcək? Hələlik, bu barədə nəsə demək çətindir. Təbii ki, onu zaman göstərəcək. Ancaq deyən lazımdır, ay qardaş, bu insanları niyə təhqir edirsən? Kim sənə haqq verib ki, cəmiyyətdə azdan-çoxdan hörməti-izzəti olan deputatı təhqir edəsən? Qanunvericiliyə görə, 100 min nəfərin yaşadığı ərazidən Milli Məclisə bir deputat seçilir. Bu baxımdan, həmin deputata 100 min nəfər olmasa da, 100 nəfərin rəğbəti, dərin hörməti var, ya yox? Təbii ki, var. Elə isə ay keçmişi qaranlıq zolaqlarla zəngin olan “polkovnik” niyə o 100 nəfərin heysiyyatına toxunursan, onların ürəyini bulandırırsan? Bəli, anlayırsan ki, o təhqir olunan deputat abırına- həyasına sığınaraq sənə qarşı hüquqi tədbirlərin görülməsi üçün addımlar atmayacaq. Ən azı mətbuat vasitəsi ilə sənə cavab verməyəcək. Bunu bildiyin üçün də ağlına deyil, ağzına gələn söyüş və təhqirlərlə o yazıq deputatı qonaq edirsən. Unutmaq olmaz ki, əxlaqdan kənar istənilən mübarizə mənəviyyatsızlıqdır, əqidəsizlikdir, ən azı yaramazlıqdır.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə