Deyəsən, Azərbaycan Dəmir Yolları QSC fəaliyyətini dayandırıb KÖŞƏ

Gördüklərimə, eşitdiklərimə əsasən deyə bilərəm ki, həqiqətən də Azərbaycan Dəmir Yolları QSC-nin fəaliyyətində və idarəetməsində vəziyyət acınacaqlıdır. Bəzən adama elə gəlir ki, ölkəmizdə belə adda qurum yoxdur. Ancaq dəmir yollarında ara-sıra parovozun fit səsini eşidəndə anlayırsan ki, “xeyr, deyəsən, belə bir qurum var”. Sadəcə, rəhbərlik ya yerində deyil, ya da ki, bacarıqsız və səriştəsiz kadrlardır. Məlumatlı şəxsin bizə dediyinə görə, hazırda ADY QSC-də vurhavur çal-oynasındır. Rəhbərlikdə təmsil olunan şəxslərin hərəsinin başı daha maraqlı işlərə qarşdığından, dövlətimizin strateji sahəsi olan dəmiryoluna diqqəti tamamilə yaddan çıxıblar. Demirəm ki, onları büdcə vəsaitlərini ciblərinə və dost tanışlarına xərclədiklərinə görə məhşər ayağına çəksinlər, yaxud başlarının üstünü qara maskalılar kəsdirsin, yaxud da Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları kabinetlərində gözlərinə əyani şəkildə görünsün. Bir qədər silkələmək və başa salmaq lazımdır ki, işləmək və xalqa xidmət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, dövlətimizin əsas diqqət və qayğı göstərdiyi sahələrdən də biri ADY QSC-dir. Ötən illər ərzində dəmiryolunun müasir dövrün tələblərinə uyğun qurulması üçün dövlət büdcəsindən və digər layihələrdən 2 milyard manata yaxın vəsait ayrılıb. Bunun nəticəsində yeni qatarlar alınıb, stansiyalar tikilib, dəmiryolları çəkilib, vaqon-lokomotiv parkı yenilənib, müasir avadanlıqlar vasitəsi ilə hərəkətin idarə edilməsi üçün işlər görülüb. Eyni zamanda, xarici qrantlar və kreditlər hesabınada dəmiryolunun qurulmasında geniş işlərin görülməsinə yardımlar göstərilib. Yəni, milyardlarla manat pullar xərclənib ki, ADY QSC xalqın istək və maraqlarına uyğun işini qura bilsin. Lakin görünən ondan ibarətdir ki, ADY rəhbərliyi cüzi belə müsbət irəliləyiş əldə edə bilməyib.

Hansı əsasla on illərdir ki, fəaliyyət göstərmiş kupe və plaskart tipli sərnişin qatarlarının hərəkəti dayandırılıb? İlin-günün bu vədəsində, ölkəmizə turist axını olduğu bir vaxtda sərnişin qatarlarını dayandırmaq nəyə xidmət edir, onu başa düşmək olmur. Sual verib cavab almaq da mümkün deyil. Uzaqdan-uzağa xəbər göndərirlər ki, “biz belə istəyirik və əcəb edirk”. Bu iddialı xəbərnaməyə sərt şəkildə cavab versən və desən ki, ay məmur, hələ ki, ADY QSC sənin şəxsi mülkiyyətinə daxil deyil, nədən belə zorba-zorba xəbər göndərirsən. Bu dəfə daha əsəbi ismarıc alacaqsan, get, işinlə məşğul ol. Sən də ki, bu qaçdı-tutdu xəbər alıb göndərməkdən yorulub, geri çəkiləcək və doğrudan-doğruya gedəcəksən harasa.

Redaksiyamıza daxil olan məlumat görə, qurumda çalışan işçilərə qarşı da ədalətsizlik edilir və addımbaşı onların haqları tapdalanır. Bir də görürsən ki, işçiyə ( bu yaxınlarda 200-ə yaxın süpürgəçi, fəhlə, bələdçi, texniki işçi işdən azad edilib - İ.Ə.) deyirlər ki, “siz sabahdan işə gəlməyin, işdən azadsınız”. Niyə, səbəb nədir? Suala tutarlı cavab verən olmur. Sadəcə, rəhbərlik belə istəyib. Yəni, kefinəqulu qərar verib, gəncliyini dəmiryolunun inkişafına həsr etmiş işçini işdən çıxarır. Təsəvvür edirəm ki, işdən çıxarılmaq barədə xəbərdarlıq almış dəmiryolçu eşitdiyi xəbərin şokundan bir neçə dəqiqə yerində donub qalır və boynunu yazıq-yazıq büküb, dərindən yanıqlı ah çəkir. Sonra da səsini çıxarmadan, haqqını tələb etmədən ayaqları bir-birinə dolaşa-dolaşa çıxb gedir evinə. Kasıb evində onu nə gözlədiyini bir Allah, bir də ailəsi bilir. Bu kimi hallar onu deməyə əsas verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-i həm də haqqın tapdandığı, hüquqların pozulduğu ünvandır. Bu ünvana qarşı sərt tədbirlər görülməsə və qayda-qanun yaradılmasına nail olunmasa, həqiqətən də, vəziyyət ağır ola bilər. Məndən yazmaq və həyəcan təbili calmaqdır. Gerisi… gerisi növbəti köşə yazımda.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə