Reallıq Qubad İbadoğlunun kim olduğunu çoxdan üzə çıxarıb - KÖŞƏ YAZISI

Azərbaycanın sözdə müxalifət dairələrində kimlərinsə həbsləri üzərində xal toplamağa cəhd edən, cərəyan edən olaylara siyasi don geyindirmək istəyənlərə dəfələrlə rast gəlinib. Bu günlərdə eyni situasiya "ADR"-in sədri Qubad İbadoğlunun həbsi ətrafında yaşanmaqdadır. Təbii ki, bu da ilk növbədə, Qərbin bəlli adamlarının sifarişləri və ssenariləri ətrafında baş verən siyasiləşdirilmiş teatr tamaşasıdır.

Söz yox ki, bu ssenari nə qədər cılız görünsə də, guya ölkədə narazı kütlənin artırılmasına hesablanmış oyun olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, Q.İbadoğlu məsələsi üzərindən özünə divident qazanmaq istəyənlərin bu oyunbazlıqları sıfırla nəticələnəcək.

Digər tərəfdən isə fakt budur ki, istintaq öz sözünü deməmiş suyu bulandırmaq istəyənlərin məqsədləri də, məhz qarmaqarışıqlıq yaratmaqdan ibarətdir.

Sual edilə bilər ki, bəs İbadoğlu həbs olunana qədər hay-haray salanlar harada idilər? "Milli Şura"nın yarıtmaz sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Tofiq Yaqublu, Qərbdəki söyüş müxalifəti niyə daha əvvəllər Q.İbadoğlunun "siyasi orientasiyasına" dəstək göstərmirdilər? İndi nə baş verdi ki, Q.İbadoğlu bunlar üçün bir xüsusi fərdə çevrildi?

Azərbaycanı düşmən maraqlarına satmaq üçün sıraya düzülüblər

Başqa tərəfdən, bu gün dövlətimizin çox böyük soyuq savaşın içində olduğu bir vaxtda, hər fürsətdə Azərbaycanı sanksiyalar paketi ilə üz-üzə qoymaq istəyən düşmənlər və onların havadarlarının mövcudluğunu hər kəs yaxşı bilir. Bunlar da bir tərəfdən yağışdan sonra çıxan zəhərli göbələklər kimi Azərbaycanı düşmən maraqlarına satmaq üçün sıraya düzülüblər. Qubad İbadoğlu isə birdən-birə dönüb-olub "mələk"...

Reallığa qalanda bundan da təəccüb etməyə dəyməz. Düşmən dəyirmanına su tökmək belələrinin köhnə şakəridir!

Beləliklə, görünən həm də budur ki, dörd aylıq həbs qətimkan tədbiri ətrafında süni ajiotajın yaradılması sanki ölkədə müəyyən qrup şəxslərin çoxdan gözlədikləri, arzuladıqları proses təəssüratımı yaradır. Bu, eyni zamanda, həmin qüvvələrin bəlli Qərb dairələri tərəfindən verilmiş tapşırıqların bir hissəsidir - İstintaqın gedişatına təzyiq cəhdləri və bu ətrafda süni ajiotajların yaradılması.

Belələri 44 günlük müharibədən sonra Azərbaycanın maraqlarını hər an satmağa hazır olanlardır!

Lakin Qubad İbadoğlunun həbsi ilə bağlı "canfəşanlıq" edənlərin bu görüntüsü süni, saxta səhnəcikdən başqa bir şey deyil. Gah müraciət məktubu hazırlayıb onu dünyaya car çəkənlər, gah da sosial şəbəkələrdə ağıllarına gələnləri yazanlar - onların hər biri çayxanalarda "papaqlarını" günə verənlər, reket jurnalistlər və başqalarının hesabına həyat sürüb tüfeylilik edənlərdir. Və nəhayət - 44 günlük müharibədən sonra Azərbaycanın maraqlarını hər an satmağa hazır olanlardırlar!

Yeri gəlmişkən, son vaxtlar yenidən ortalığa düşən Eldəniz Quliyevin də oyunbazlığı diqqətdən yayınmır.

Bu siyasi mənşəyi hələ də bəlli olmayan fərdin ömrü boyu su bulandırmaqla məşğul olduğu ilə bağlı isə geniş izahat verməyə ehtiyac yoxdur. Gah "Ziyalılar forumu", gah "İctimai Palata", gah "Milli Şura" və s. ilə varlığını kimlərəsə nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxan Eldəniz Quliyev, indi də Qubad İbadoğlunun həbs qətimkan qərarı üzərində "Qu quşu" baletini oynamaq qərarına gəlib.

E.Quliyevin ittihamlarının konkret bir mənası var. O, bir vaxtlar Əli Kərimlinin tapşıqlarını yerinə yetirməklə, digər müxalifət partiyalarını gözdən saldığı kimi bu gün də, məhz Qubad İbadoğlu məsələsi üzərindən hamisinin verdiyi tapşırığa uyğun şəkildə fəallıq göstərərək, qeyd edilən "siyasi proseslərin" mərkəzindən kənarlaşmamağa çalışır. Lakin Eldəniz Quliyev bir vaxt təmsil olunduğu "Milli Şura"da belə qəbul edilmədiyi kimi, bu hadisələr fonunda da nə qədər cılız, nə qədər gülünc göründüyünün fərqində olsa, bəlkə özü-özünü ömrünün bu çağında növbəti rüsvayçılıqları yaşamaqdan xilas etmiş olur.

Tofiq Yaqublu da ondan geri qalmır. Bu tip ünsürlər isə ortada qalan insanlardır. Onlar anlamalıdır ki, hər zaman istifadə edib atılırlar. Düzü, bir məqsədi, bir amalı olmayan və konkret mövqe nümayiş etdirməyən və tez-tez mövqeyini dəyişən insanlardan heç vaxt əqidə birliyi gözləməyə də ehtiyac yoxdur.

Lakin Azərbaycan xalqı bu cür cılız, uğursuz, mikroskopik "siyasət" adamlarının oyunbazlığını əsla həzm edən də deyil. Çünki heç xalq imkan verməz ki, yad ünsürlər, xarici dairələr bu tipli satqınlar toplumu vasitəsilə Azərbaycana dil uzatsın, ona qarşı bu kimi kampaniyalardan istifadə edərək ölkənin beynəlxalq nüfzunu zədələyəcək proseslərdən öz xeyirlərinə yararlansın. Xalq həqiqətin yanındadır və həqiqət, reallıq isə Qubad İbadoğlunun kim olduğunu çoxdan üzə çıxarıb!

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə