Vardanyanın son nəfəsi - KÖŞƏ YAZISI

Rusiyanın Qarabağa atdığı uğursuz "desantı" Ruben Vardanyan separatçı tör-töküntülərinin yanında itirilmiş "güvənini" bərpa etmək üçün guya Prezident İlham Əliyevin Euronews telekanalına verdiyi mükəmməl müsahibəsi üzərində xal qazanmağa cəhd edib. Məhz bu baxımdan, sözün əsl mənasında, onun sərsəmləmələrini izləyib ürəkdən gülməmək mümkünsüzdür.

Bu, sərsəm erməni "məzlumkeşliyi" üzərində qurulmuş oyundur

Məsələn, Rubik öz təbirincə "sübut" etməyə cəhd edib ki, İlham Əliyev müharibədəki qələbənin Onun siyasi həyatının missiyası olduğunu deməsi ilə guya Bakının heç bir sülhə hazır olmadığına eyham vurub (?!). Əslində isə bu, sərsəm erməni "məzlumkeşliyi" üzərində qurulmuş oyundur və Vardanyanın özü də bilir ki, belə bir iddia ilə çıxış etmək kənardan izafi axmaqlıq kimi görünür...

Başqa tərəfdən, belə hiss olunur ki, Ruben Vardanyan sanki 2020-ci ilin 27 sentyabrına qədər bunkerdə oturub və yalnız həmin gün münaqişənin mövcudluğundan xəbərdar olub. Prinsipcə və nəzəri cəhətdən buna bənzər hal yaşana bilərdi. Misal üçün, Rubik Kremlin əli altında kirli pulların yuyulması ilə məşğul olarkən çətin ki, onu Ermənistan-Azərbaycan münaqişəsi maraqlandıra bilərdi. O, 1 saniyə də olsa belə bu barədə düşünməyib!

Vardanyan bilməlidir ki...

Və Vardanyan çox gözəl bilir ki, sülhü nə əvvəllər, nə də sonra Ermənistan istəməyib. Bu gün də belədir. 2010-cu ilə və sonrakı illərə qədər Ermənistan dişinə qədər silahlanırdı və Bakı bəyan edirdi ki, belə davam etsə, səbir tükənəcək. Danışıqlar da nəticəsiz qalırdı ki, müharibə ehtimalı artırdı və bu ehtimalı da İrəvan yaradırdı. Məgər o bunu da bilmir? Əlbəttə ki, bilir, sadəcə, Azərbaycan Prezidentinin fikirləri ətrafında özünə xal toplamağa çalışır. Ancaq yenə də uğursuz...

Vardanyan bilməlidir ki, 2016-cı ilin aprelində baş vermiş 4 günlük müharibə də 44 günlük müharibənin açarı idi!

Beləliklə, fakt budur sülh istəyirsənsə müharibəyə hazırlaş prinsipi daim gündəmdə olub və Azərbaycan istədiyinə nail oldu. İndi isə sülh zamanı yetişib və onun çərənləmələri heç nəyi həll etmir.

Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığı almaqdan imtina edirlərsə...

Keçək Rubikin digər sərsəmləməsinə. O, iddia edir ki, sən demə, Bakı "99%"-lik Qarabağ ermənilərinə təklif edir ki, onlar ya etnik azlıq olduqlarını qəbul etməli, ya da bu regiondan getməlidirlər və bu da "etnik təmizləmənin" anonsuymuş (?!)

Görəsən, bu saqqallı siyasətbaz niyə unudur ki, Qarabağdakı ermənilərin "99 %-zi" məhz azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr səbəbindən yaranıb?

Və nəhayət, ən əsas məsələ - əgər Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığı almaqdan imtina edirlərsə, bu zaman onlar həmin regionda xarici vətəndaşlar kimi tanınacaqlar. Çünki onların hər birində Ermənistan pasportları var və işlərini bilavasitə Azərbaycanın miqrasiya xidmətindən keçirməli olacaqlar. Seçim qalır yenə də Qarabağ ermənilərinin özlərinə. Yəni, Azərbaycan ərazisində leqal qalmaları üçün bütün müvafiq prosedurlardan keçəcəklər. Yox, qanunsuz qalmağa cəhd edərlərsə, bütün dünyada qəbul olunduğu kimi-deportasiya və bir daha ölkəyə daxil olmamaq qanunu qüvvədə olacaq.

Lakin ən gülməlisi budur ki, bu, Vardanyanın sonuncu oyunbazlığıdır. O bağırır ki, kapitulyasiyanı onlar, yəni separatçılar deyil, Ermənistan edib. Və beləliklə, İrəvan bütün günahları Qarabağ separatçılarına, Qarabağ separatçıları da İrəvanın üstünə atırlar. Necə deyərlər, məzhəkə!

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə