V.VƏLİYEV

Ermənistan iki dəfə büdrəyib, üçüncü dəfə...

Dünyanın nizam-tərəzisi pozulub, ədalət də artıq topal deyil, ölüm ayağındadır, haqq da o qədər nazilib ki, üzülsəydi canımız qurtarardı. İri ölkələr yalana möhtac kimi başlarını girələyirlər, ya da yalanın tam ortasındadırlar, əksər hallarda özlərini yalanlarla ovudurlar. Bunu başımıza gələnlərdən çıxış edərək deyirəm, haqlı ikən haqsız duruma düşdüyümüz üçün söyləyirəm. 28 il Sovetin şinelindən çıxan bir ölkə qonşusunun 20 faiz ərazisini işğal edir, varını-dövlətini yağmalayır, insanlarını yurd-yuvasından didərgin salır, çatdığını öldürür, çata bilmədiyinin yurd həsrəti ilə qovrulmasına qəhqəhə çəkir, ələ salır, dünyanın bütün qanunlarına tüpürür və ona “gözün üstə qaşın var” deyən olmur. BMT kimi “eşşək boyda” beynəlxalq təşkilat 4 qətnamə çıxarır, ya da qəbul edir və işğalçının qulağını burmur, üstəlik də dünyanın 3 supergücünün həmsədrlik etdiyi Minsk qrupu adlı marionet qurum 26 il Ermənistanı “yola gətirmək” əvəzinə səmərəsiz səfərlərlə özünü və hamımızı aldadırsa buna başqa nə ad verməliyik. İşə bir bax, dünya gücləri ədalətin açarını itirib, ədalət axtarırlar. Yəqin ki, “molla-dəli” məsələsini xatırladınız...

Ermənilər şikayət edirlər ki, Avropa Birliyi Gürcüstanda məhkəməsi hələ də davam edən keçmiş prezident Mixeil Saakaşvilinin sağlıq durumundan narahat olduqları üçün Tiflisə ultimatum göndəriblər, amma “Artsax xalqı humanitar fəlakətlə, genosidlə üz-üzədir”, lakin buna diqqət ayırmırlar, bəyanat vermirlər. Elə ermənilərin bu “düstur”undan istifadə edərək deyə bilərik, Ermənistan Azərbaycanın guya şərti sərhədi keçərək onun torpaqlarını “işğal” etdiyini ta Brüsselə qədər çatdırıblar. Qərbin, Avropanın bəzi institutları da ermənu zurnasına züy tutaraq Azərbaycana qarşı hələlik dişsiz bəyanatlar verirlər. Amma ən önəmli bir məsələni unudurlar, məqsəd həqiqətənmi işğalçını üzə çıxarmaqdır? Yaxud, Qərb bizdən işğalçımı düzəltməyə çalışır? Bəs, Ermənistanın vuran əli, danışan dili sayılan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında 28 il at oynatmalarına nə ad verək? Bəlkə onlar heç buralarda olmayıblar, ya da hamıdan gizlin gəliblər Qarabağa, Şərqi Zəngəzura? Əgər belə deyilsə, Avropa, Rusiya, Amerika niyə anlaqsız danışır? 28 illik işğalı görməzdən gələnlərin Azərbaycanı ittiham etməsi absurddur, rəzillikdir. Əgər axırıncı olmasaydılar Ermənistana görə öz imiclərini bada verməzdilər. Belə olmasaydı, dünyanın düzəni də pozulmazdı. BMT və onun Təhlükəsizlik Şurasının çəkisi itməzdi, nüfuzuna ləkə düşməzdi.

İri ölçülü dövlətlərin sayəsində Ermənistanın Azərbaycana qarşı yeni oyunları başlayıb. Sonuncu “TIR şousu”ndan sonra “terrorçunu müdafiə” aksiyası da sülhün yaxında olmadığını üzə çıxarır.
Ermənistanla Azərbaycan arasında alovlanan yeni söz savaşı İrəvanla Bakı arasında böyük sülh müqaviləsinin bağlanmasına nəyin mane olduğu barədə düşünməyə vadar edir. Əsas maneə ikinci Qarabağ müharibəsində qalib gələn Azərbaycanın Qarabağda suveren hüquqlarını bərpa etməsi məsələsidir. Şübhə yoxdur ki, bu gün bu prosesi dayandırmaq onsuz da mümkün deyil və inteqrasiya hələ də davam edəcək. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, üstəlik, Qarabağı Azərbaycanın sərhədləri daxilində tanıyıb. Yəni, İrəvan bütün Qarabağın Azərbaycana məxsusluğundan şübhələnmir. Ötən həftə Nikol Paşinyan daha da irəli gedərək deyib ki, Qarabağ məsələsi heç də erməni məsələsi deyil. “Ermənistan Qarabağ xalqının taleyini həll edə bilməz. Onlar özləri danışıqlarda tərəf olmalıdırlar”.

İkincisi, dünya dövlətləri, o cümlədən Rusiya Federasiyası Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı mübahisə etmir. Ümumi formada Bakının Qarabağın inteqrasiyası planına üç bənd daxildir: yerli hakimiyyət orqanlarının buraxılması, qondarma müdafiə ordusunun buraxılması və erməni əhalisinin burada qalacaq hissəsinin Azərbaycan vətəndaşlığını qəbul etməsi. Lakin problem ondadır ki, separatçılar üçün Azərbaycanın suverenliyi altına keçmək perspektivi nəinki qəbuledilməzdir, həm də ölüm-dirim məsələsidir.

Öz növbəsində separatçılar Ermənistan rəhbərliyini ittiham edir, Rusiyanın yanaşmasını da qəbul etmirlər. Bu dramın tənqidi nə ola bilər və dram faciəyə çevriləcəkmi? Prezident Əliyev ikinci Qarabağ müharibəsində qələbədən sonra tarixin qaliblər tərəfindən yazılması mövqeyindən çıxış edir və hər halda Qarabağ üzərində tam nəzarəti bərqərar edəcəyini açıq şəkildə bildirir. Lakin Azərbaycanın tərkibində yaşamaqdan imtina edənlər pis ssenarini də ehtiyatda saxlayırlar. Belə ki, Azərbaycan hakimiyyəti məcburi ssenariyə əl atsa, separatçılar özlərinin qanını töküb suçu Azərbaycanın üzərinə ata və Bakını etnik təmizləmədə ittiham edə bilərlər. Təbii ki, bu ssenari gizlində qalsaydı təhlükəsi yarana bilərdi, amma ermənilərin bütün planları artıq ortadadırdır, ermənilər üçün qarşıda dalan yaxınlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə