Aylardan bəri nəqliyyatda yaşanan sıxlıq nəzərəçarpacaq dərəcədə azalmışdır, yəqin hər kəs bunun fərqinə varıb. Elə aylar öncə də bunun səbəbini çox yerdə axtarmalı olmuşduq. O atırdı bunun üstünə, bu atırdı onun üstünə. Hər kəs özünü təmizə çıxarmaqla məşğul idi.

Axı nə üçün bizim nəqliyyatda bu qədər sıxlıq olmalıdır? Nə üçün evdən işə, işdən evə avtobuslarda və metroda tərin-suyun içində gedib-gəlməliyik? Bəli, marşrut üzrə işləyən avtobuslarda hələ də gecikmələr var. Bunu hər birimiz yaxşı bilirik. Niyə gecikirlər? Yəqin sayları azdır, bu səbəbdən də çatdıra bilmirlər.

Ötən ilin sonlarına doğru metroda yaranan vəziyyəti isə, gözlülər olsun, görməsin. Metroda platformada bəzi hallarda necə deyərlər, iynə atılsaydı, yerə düşməzdi. Burada həyat çox tez-tez elə dayanırdı ki, Allah göstərməsin. Bu axında qalan olubsa, nədən söhbət açdığımızı çox yaxşı bilir. Burada ta nəfəsin daraldı, ya ürəyin sıxıldı, ya əsəblərin bir anlıq pozuldu deyə bir şey olardısa, çıxış yolu da yox idi. Səninki qalırdı tək Yaradana. Buradan sağ-salamat çıxıb həyata qayıda da bilərdin, ölüb, həyatını elə buradaca tamamlaya da bilərdin. Şükürlər olsun ki, nəfəsi daranalar da, ürəyi sıxılanlar da saysız olsa da, lakin həyatını itirən olmadı. Allahın insanlara çox-çox yazığı gəldi.

Dəfələrlə belə də olub ki, platformada dayanıb ancaq qatarları saymaqla məşğul olmusan, lakin onlara minə bilməmisən. Çünki sən bir addım irəli getmək istəyəndə içəridən gələn təkan səni üç addımla platformadan divara doğru atıb. Sən də orada dayanıb “sənin qatarın getdi, həm də çoxdan getdi” deyimini xatırlayıb növbətini gözləməli olmusan.

Bu səbəbləri metroda necə araşdırdılar, nə qənaətə gəldilər, vallah, deyə bilmərəm, amma bu dediklərimiz dəfələrlə yaşandı. Allah bundan betərindən saxlasın.

Marşrut avtobuslarda da eynilə. Biri gəlirdi, görürdün, elə doludur ki, camaat ayaq üstündə az qalır qapıdan yerə səpələnsin. Deyirdin, yaxşı qoy bu getsin, o biri gəlsin. Belə-belə, evə çatanda baxırdın ki, saat 18-də işdən çıxmısan, evə çatmısan 22-də-zadda. Başlayırdın deyinməyə ki, niyə gəldim axı bu evə, elə başımı işdə qoyardım masanın üstünə yuxulayardım da, yatmağa gəlmişəm məgər, ta səhərin açılmasına nə qaldı ki?..

Beləliklə xüsusilə ötən ilin axırlarında bu cür “məzəli” əhvalatlarla qarşılaşıb 2022-ci ili yola saldıq və hamımız da arzuladıq ki, bu cür dərdi-sərimiz, bu kimi problemlərimiz elə 2020-də qalsın. Deyəsən, Allah səsimizi eşidib, vallah. Günlərdir ki, bütün nəqliyyatlarda əməlli-başlı seyrəklikdir.

Adam bir anlığa düşünməyə başlayır, vallah. Fikirləşirsən ki, deyəsən həqiqətən 2023-cü il bizə düşüb ey... Bu nə mənzərədir belə, yəni bir ay belə fərq edər? Niyə eləmir ki? Eləyib ki, belədir də.

Elə bu düşüncələrə daldığın anda birdən evdən uşaq zəng vurur ki, bəs evə gələndə filan şeyi də al. Sən də düşünürsən ki, bu uşaq evdə nə gəzir? Birdən ayılırsan ki, bəs tələbələrin tətilidir də, bu yazıq uşaq evdə olmayıb harada olacaq ki?.. Elə bu andaca onu da anlayırsan ki, elə nəqliyyatın sıxlıq səbəbi bu tələbələrmiş ki..

Yaxşı, nə edək ki, həmişə nəqliyyatda belə seyrəklik, gözəllik olsun? Bəli, bunun bir çox yolları var, demək istəyirdim ki, birdən xəbər yayıldı ki, metro və nəqliyyatda qiymətlər qalxdı, elə bu andaca matım-qutum elə qurudu ki, ardını yaza bilmədim, bağışlayın.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə