Badri Kvaratsxeliyanın oğlu "Lokomotiv"ə keçib

Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviço Kvaratsxeliya "Lokomotiv"ə keçib. Bu barədə Moskva klubunun rəsmi saytı məlumat yayıb. Rustavi "Metallurq"undan icarəyə götürülən 18 yaşlı yarımmüdafiəçi ilə artıq rəsmi müqavilə imzalanıb və o, mövsümün sonuna kimi Premyer Liqa təmsilçisində çıxış edəcək. Tbilisi "Dinamo"sunun yetirməsi olan Xviço "Metallurq"a ötən il keçib. Bu komandanın heyətində 18 oyuna 3 qol vuran futbolçu Gürcüstanın gənclər millisi ilə yanaşı, U-17 və U-19 yığmalarının da formasını geyinib. Aşağı yaş qrupları üzrə komandalarda 25 oyun keçirən yarımmüdafiəçi 17 qol vurub.

Qeyd edək ki, "Kəpəz” və "Şəmkir”in sabiq futbolçusu olan Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan millisinin heyətində 3 oyuna çıxıb. Veteran hücumçu 1999/2000 mövsümündə "Şəmkir” forması ilə vurduğu 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə