RSXM-da 20 Yanvar şəhidləri anıldı

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Bu barədə SİA-ya RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə keçmiş SSRİ-nin "Alfa" qrupunun Bakıda törətdiyi amansız qırğınlar haqqında danışıb. Bu hadisənin xalqın qan yaddaşında hər zaman qalacağını bildirən baş direktor gənc nəslin təlim-tərbiyəsində Azərbaycan xalqının tarixinin tətbiq olunmasının zəruriliyini önə çəkib.

"Seysmologiya" şöbəsnin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli 20 Yanvar hadisələrinin iştirakçısı kimi həmin günlərdə Bakıda baş verən hadisədən, rus və ermənilərdən ibarət sovet əsgərlərinin törətdiyi qırğın və vəhşiliklərdən danışıb.

Baş direktorun müavini Ramiz İsgəndərov da çıxışında xalqın qan yaddaşının unudulmadığını bildirib. O, həmçinin 1990-cı ilin yanvarında qırğınların Bakı ilə yanaşı Neftçala və Lənkəranda törədilməsindən danışıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə