Ramzan hamını Qroznıda açılan sərgiyə dəvət edir...

Çeçenistanın rəhbəri Ramzan Kadırov respublika paytaxtının hər bir sakinini Qroznının mərkəzi meydanında açılan sərgini ziyarət etməyə çağırıb.

Onun sözlərinə görə, sərgiyə gələnlər “Ukraynada xüsusi hərbi əməliyyat zamanı çeçen döyüşçüləri tərəfindən əsir götürülən xarici hərbi texnika nümunələri” ilə tanış ola biləcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, Qroznıda keçirilən sərgidə eksponatlar arasında ABŞ, Böyük Britaniya və Ukrayna istehsalı olan zirehli maşınlar da var.

Kadırovun Telegram kanalında qeyd etdiyi kimi, “əsgərlərimizin əla təhlükəsizlik şəraitində təhvil verdiyi NATO-nun tərifli avadanlığı” indi dünyanın müxtəlif yerlərindən Çeçenistana gələn turistlər tərəfindən görülə biləcək.

Kadırovun dediyinə görə, sərgidə təqdim olunan nümunələr “işlək vəziyyətdədir”.

Buna baxmayaraq, Ramzanın fikrincə, guya yerli “rus malları” döyüş şəraitində dəfələrlə daha yaxşı və etibarlıdır.

Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin andiçmə mərasimindən sonra xüsusi hərbi əməliyyatdan danışan Kadırov, jurnalistlərlə söhbətində “biz daha fəal hücuma keçib bu ay Odessa və Xarkov almalıyıq” demişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə