Xalq daha mütərəqqi gələcəyə dəstək verəcək!

Muxtar Nağıyev: "Prezident İlham Əliyevin növbəti mütərəqqi islahatlar təşəbbüsü dövlət quruculuğu prosesinə, Azərbaycanın inkişafına, müstəqilliyin möhkəmlənməsinə daha etibarlı zəmin formalaşdıracaq"

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə göndərilib və bu gün Plenumda müzakirəyə çıxarılıb. Belə ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təmininə yönələn bu layihə bir daha təsdiq edir ki, Konstitusiya dəyişiklikləri müasir şəraitdə dünyanın ən müasir, modern tələblərini özündə birləşdirir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev bildirdi ki, ilk öncə, bu faktor bilavasitə Azərbaycanda yeni ictimai-siyasi, iqtisadi, sosial islahatlara tərəf atılan mütərəqqi addımdır. Belə ki, ölkə rəhbəri İlham Əliyev cənabları hələ bu ilin əvvəlində 2016-cı ilin dərin islahatlar dövrünə qədəm qoyduğunu vurğulamışdı: "Bu baxımdan, belə qənaətə gəlmək olar ki, Azərbaycan daim yenilik, müasirlik yolunu tutur. Bundan öncə də keçirilən referendumların hər biri məhz həmin amili ehtiva edib. Məhz 21 il öncə ümumxalq səsverməsiylə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ötən müddət ərzində iki dəfə dəyişikliyə məruz qalıb. 2002-ci ilin 24 avqustunda Konstitusiyanın 22 maddəsinə 31, 2009-cu ilin 18 martında isə 29 maddəyə 41 əlavə və dəyişiklik referendum yolu ilə hüquqi qüvvəyə minib. Yəni həqiqətən də ötən müddət ərzində ölkədə bu sahədə mühüm qərarlar qəbul edilmiş, demək olar ki, köklü dəyişikliklər aparılmışdı. Belə məqsədyönlü tədbirlərin nəticəsi olaraq qlobal böhranın fəsadlarının aradan qaldırılmasına əsasən nail olunmuş, əhalinin sosial müdafiəsinin təminində çətinliklərə rast gəlinməmiş, maliyyə durumunda sərt təsirlər yaşanmamışdı. Son aylarda həyata keçirilən sosial-iqtisadi islahatların ilkin nəticələri uğurlu olmuş və ölkə rəhbəri bu prosesi "böhran şəraitində inkişaf" kimi dəyərləndirmişdi. Ona görə də xalq daim inkişafa, tərəqqiyə səs verib. Növbəti referendum layihəsini də eyni halda səciyyələndirmək lazımdır. Azərbaycan xalqı da yaxşı bilir və dərk edir ki, dövlətimiz xalqımızın daha firavan, daha xoşbəxt yaşaması üçün bu cür nütərəqqi ideya və layihələri reallaşdırır".

Muxtar Nağıyev eyni zamanda bildirib ki, Azərbaycan dövləti sosial-iqtisadi inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə ilə paralel aparıb. Belə ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin ilkin şərhi də onu deməyə əsas verir ki, son sosial-iqtisadi islahatların davamı artıq dövlət quruculuğunun hüquqi-siyasi istiqamətində də aparılacaq: "Dövlət başçımız İlham Əliyev cənabları tərəfindən rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilən layihə olduqca əhəmiyyətli, ən əsası isə idarəçilikdə yeni məqamları özündə ehtiva edir. Hərbidən sosial-iqtisadi yönümə, hüquq və azadlıqlardan sahibkarlıq fəaliyyətinə, qanunverici hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid dəyişikliklər və əlavələr müsbət rəy verildiyi təqdirdə ümumxalq səsverməsinə çıxarılacaqdır".

YAP funksionerinin fikrincə, ümumiyyətlə, Konstitusiya dəyişiklikləri və bu istiqamətdə baş tutan referendumlar xüsusilə son onillikdə bütün dünyada geniş miqyas alıb ki, həmin faktorun Azərbaycanda da reallaşdırılması zərurətə çevrilib: "Düşünmək olar ki, Azərbaycanın əsas qanunvericiliyində bir sıra müddəalarda dəyişiklikləri zəruri edən səbəblər kifayət qədərdir. Ümumiyyətlə, bu tipli dəyişikliklər bütün dövlətlər üçün xarakterikdir və onlar mütəmadi olaraq bu təcrübədən istifadə edirlər. Qlobal miqyasdakı yeni sosial-siyasi-hüquqi yönümlü çağırışlar, təhlükəsizlik məsələlərinin ön plana çıxması, dövlət idarəçiliyinin daha müasir və effektiv trendlərinin geniş yayılması hər bir ölkənin öz çoxspektrli fəaliyyət metodlarında daha mükəmməl yenilikləri təşviq etməsinə zərurət yaradır. Digər tərəfdən, demokratikləşmənin geniş vüsət alması, insan hüquq və azadlıqlarının təminində bütün məhdudiyyətlərin ləğvi, xalq-hakimiyyət ünsiyyətinin hər cür maneələrdən azad olunması, ən əsası isə dövlətin vətəndaşlarına daha səmərəli və keyfiyyətli xidmət göstərməsi kimi mühüm proseslərin fonunda qanunvericilik bazasının daim yenilənməsi, həmçinin konstitusiyalara vacib əlavələrin edilməsi mütləq zərurət kimi ortaya çıxır".

YAP Səbail rayon təşkilatının sədr müavini onu da xatırladıb ki, təklif edilən layihəyə görə Əsas Qanuna 29 dəyişiklik nəzərdə tutulur. Bu dəyişikliklərin təsir dairəsi və istiqaməti barədə yuxarıda qeyd etdik. Xüsusi vurğulanası məqam ölkədə yeni ali səlahiyyət postunun - vitse-prezidentlik vəzifəsinin təsisidir. Təklifə görə, I vitse-prezidenti və vitse-prezidentləri ölkə rəhbəri vəzifəyə təyin edir, yaxud azad edir. Vitse-prezidentlik institutu ölkəmiz üçün yeni olsa da, dünyada geniş tətbiq olunur. Azərbaycanda ali mərkəzi hakimiyyət mənsublarının sayının artırılması dövlət idarəçiliyində daha səmərəli fəaliyyəti təmin etməyə, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına, ümumilikdə isə yeni çevik, effektiv icraçılıq funksiyasının yaranmasına rəvac verəcək. O cümlədən, Prezidentin öz səlahiyyətlərini icra edə bilməməsi təqdirində bu vəzifənin icrası əvvəllər Baş nazirə keçirdisə, indi bu iyerarxik silsilədə öncə I vitse-prezident və vitse-prezidentlər olacaq. Artıq belə hesab etmək olar ki, referendumun qəbul olunacağı təqdirdə dövlət idarəçiliyi institunda köklü dəyişikliklərə start verilməklə yanaşı, məsuliyyət artacaq, xalqa xidmətin effektliyi isə daha da yüksəldiləcəkdir".

Muxtar Nağıyev son olaraq daha bir məqama da toxunaraq deyib ki, hər zaman olduğu kimi, bu dəfə də bəzi qaragüruhçu qüvvələr əllərinə düşən girəvədən öz şəxsi mənafeləri, ambisiyaları üçün yararlanmağa cəhdlər göstərəcəklər: "Fikir versək görərik ki, özləri arasında siyasi statuslarını bölüşdürə bilməyənlər, "ana müxalifətçilik" uğrunda 23 ildir ki, bir-birlərini əzib-tapdalayanlar, düşmən kəsilənlər indi bir ağızdan referendum əleyhinə kampaniya başladacaqlarını, guya bu ideyanı boykot edəcəklərini iddia edirlər. Lakin bir dəfə də olsun dönüb öz keçmişlərinə, seçkilərdə sərgilədikləri qarşılıqlı münasibətlərinə baxmırlar. Bu o kəslərdir ki, xalqın marağı onlar üçün dəyərsizdir, qiymətsizdir. Ona görə də indi guya birləşib anti-referendum kampaniyasına start verirlər. Halbuki, onların ümid bəslədikləri xarici havadarları da artıq belə "müxalifət"ə ciddi yanaşmır, onları siyasi hadisələrdən öz məqsədləri üçün yararlananlar siyahısına aid edirlər. Hesab edirəm ki, belə qaragüruhçular 23 ildir öz yerlərində saydıqları kimi, bundan sonar da saymaqda davam edəcəklər. Xalq isə kimin-kim olduğunu yaxşı bilir. Ona görə də belə siyasətbazları ciddi qəbul etmir. Sübut isə budur - Prezident İlham Əliyevin növbəti mütərəqqi islahatlar təşəbbüsü dövlət quruculuğu prosesinə, Azərbaycanın inkişafına, müstəqilliyin möhkəmlənməsinə daha etibarlı zəmin formalaşdıracaq. Azərbaycan xalqı real olayların, real gerçəkliyin tərəfdarı kimi təklif edilən Konstitusiya dəyişikliklərini dəstəkləyir və biz bunu müəyyən ediləcək referendum günü də gösrəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə