"Bu, düşmənə çox ciddi xəbərdarlıqdır" AÇIQLAMA-ÖZƏL

"Dövlət Sərhəd Xidmətinin Azərbaycan-Ermənistan təmas xəttində döyüş postlarını irəli çəkməklə neytral zonadakı torpaqları nəzarət altına götürməsinin çox böyük önəmi var. Bu, Silahlı Qüvvələrimizin öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək qabiliyyətində olduğunu göstərir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Yüksək texniki təchizat, hərbi qulluqçularımızın peşəkarlığı öz nəticəsini verməkdədir.

Azərbaycanın işğal altındakı torpaqlarını azad edərək nəzarətə götürdüyünü deyən deputat söyləyib ki, bu, yalnız cəbhə xəttində deyil, eyni zamanda Ermənistanla sərhəd xəttində də həyata keçirilir: "Çünki ötən əsrin 90-cı illərində həmin ərazilər Ermənistan tərəfindən nəzarətə götürülmüşdü. İndi hərbçilərimizin bu torpaqları geri qaytarması prosesi baş verir. Yada salım ki, ötən ilin may ayında Naxçıvanda Günnüt kəndi və onun yaxınlığındakı yüksəklik nəzarətə götürülmüşdü. İndi isə gələn məlumata görə sərhəddə yeni ərazilər nəzarətə götürülüb".

A. Mirzəzadə qeyd edib ki, baş verənlər Azərbaycanın öz torpaqlarını heç kəsə güzəştə getmək fikrində olmadığını bir daha göstərir: "Ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycanın kifayət qədər gücü və potensialı var. Bu, düşmənə çox ciddi xəbərdarlıqdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...