"Azərbaycan MDB çərçivəsində böyük rola malikdir" MÖVQE- ÖZƏL

“Azərbaycanın MDB çərçivəsində oynadığı rol kifayət qədər böyükdür. Çünki ölkəmiz regionda həm təbii resurslar, həm geosiyasi, həm də digər məsələlərdə bir sıra nailiyyətlər qazanan ölkəyə çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Azərbaycan MDB ölkələrini regionda lider ölkəyə çevrilməklə cəlb edir: “Azərbaycan bu ölkələr üçün çox əhəmiyyətli, mühüm ölkədir. Bu fonda hətta onların Ermənistanla münasibətlərinin gərginləşməsi də təbiidir. Çünki, bu ölkələr anlayır ki, regiona, eləcə də bu ölkələrə daha çox fayda verən, səmərə verən məhz Azərbaycandır”.

Politoloq söyləyib ki, Rusiya Ermənistanla formal olaraq müttəfiq olsa, da, son baş verənlər onlar arasında qoyulan məsafələri göstərir.

Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti əsasında Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirakına toxunan F.Sadıqov qeyd edib ki, səfər zamanı dövlət başçılarının birlikdə Mariinskiy Teatrda “Şelkunçik” balet tamaşasına baxdıqları zamanı Azərbaycan Prezidentinin tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşməsi dövlətimizin başçısına və Onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir: “Paşinyanın isə mühafizəçilərin yanında əyləşməsi iki ölkə arasında mövcud olan soyuq münasibətin bariz göstəricisi idi”.

Politoloq əlavə edib ki, Dövlət başçısının son Rusiyaya səfəri həm iki ölkə arasında yüksələn xətlə inkişaf edən münasibətlərin gələcəyi, həm də ümumilikdə Azərbaycanın MDB ölkələri arasında yerinin və rolunun göstəricisi baxımından böyük əhəmiyyətli idi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə