Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Milli Məclisdə olub

Fevralın 21-də Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə Avstriya arasında əlaqələrin daha da inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu, həmçinin parlamentlərarası əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Azərbaycanda azad iqtisadi zonanın yaradılması prosesindən danışan Valeh Ələsgərov bu barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, bu, Azərbaycan Respublikasının həm hökumət tərəfindən, həm də Milli Məclis tərəfindən qəbul edilən mühüm qərarıdır. Bu layihəni həyata keçirmək, onun qanunvericilik dəstəyini təmin etmək üçün artıq birinci oxunuşda müvafiq qanun qəbul edilib. Bu qanun azad iqtisadi zonanın hüquqi rejimini tənzimləyir.

Avstriyanın Federal, Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardt ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək ikitərəfli əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu bildirib. O qeyd edib ki, 14 gündən sonra Vyanada hər iki ölkə arasında qarışıq iqtisadi komissiyanın növbəti iclası keçiriləcək. “Məqsədimiz budur ki, səfər çərçivəsində hər iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə, xüsusən iqtisadiyyat, mədəniyyət sahələrində birgə araşdırma aparaq, layihələri müzakirə edək”, - deyə qonaq diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə