Oman körfəzində baş verənlər neftin qiymətinə təsir edəcəkmi?

İran ətrafında və Oman körfəzindəki vəziyyətlə əlaqədar hadisələr "Region" Analitik İnformasiya mərkəzində çox diqqətlə izlənilir və təhlil olunur. Biz lap əvvəldən qeyd etmişdik ki, ABŞ-ın İrana qarşı müharibəyə başlaması ən az ABŞ-a və İrana lazımdır. Bu bilərəkdən regionda gərginliyin yaradılması isə başqa məqsədə xidmət edir. Hazırda Oman körfəzində tankerlərə hücumla əlaqədar olaraq ABŞ-ın dövlət katibi Mayk Pompeonun çıxışı maraq doğurur.

İlk əvvəl deyək ki, tərəflər qarşılıqlı olaraq məsuliyyəti öz üzərindən digərinə atmağa çalışacaqlar, lakin Pompeonun "tankerlərə hücumla bağlı məsuliyyəti İran daşıyır" fikrini "kəşfiyyatın məlumatı"na əsaslandığını deməsi düşünülür ki, bir qədər yerinə düşmür və məsələni qəlizləşdirir. Çünki kəşfiyyat məlumatı əsasında əgər təsdiq olunursa və sübut olunursa onda konkret tədbirlər görülməlidir. Əks halda bu bəyanat qeyri-ciddi səslənəcək.

Maraqlıdır ki, İranın Xarici İşlər Naziri Məhəmməd Cavad tankerlərə hücumu "çox şübhəli" adlandırır. Həqiqətdə də ABŞ və İran arasında Yaponiya Baş Nazirinin vasitəçilik etdiyi bir vaxtda və tankerlərə hücum kimə lazım idi? Eyni zamanda xatırladaq ki, belə insidentlər neftin dünya bazarındakı qiymətinə təsir edən amillərdəndir.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar bahalaşaraq 61,75 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar artaraq 52,47 dollar təşkil edib.

Rəvan Bağırov,

Region Analitik İnformasiya Mərkəzinin eksperti

Bütün xəbərlər Facebook səhifəmizdə