Monakoda iyunun 29-da baş vermiş və ukraynalı oliqarx Vadim Yermolayev də daxil olmaqla üç nəfərin yaralanmasına səbəb olan partlayışın əsas şübhəlisi Ukraynanın paytaxtı Kiyevdə ölü tapılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, güllələnərək öldürüldüyü bildirilən qadının Ukraynaya qayıtdıqdan sonra əlaqə saxladığı iki nəfər saxlanılıb. İstintaqın məlumatına əsasən, onlardan biri keçmiş polis əməkdaşı, digəri isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşıdır.
Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, saxlanılan şəxslər əvvəllər şübhəliyə bank hesabları və kriptovalyuta hesabları vasitəsilə pul köçürüblər.
Xatırladaq ki, iyunun 29-da Anastasiya Berezovska kişi qiyafəsində Monakoda yaşayış binasının girişinə partlayıcı qurğu yerləşdirərkən müşahidə kameraları tərəfindən qeydə alınıb. İstintaqın versiyasına görə, o, Vadim Yermolayev, onun həyat yoldaşı və 13 yaşlı uşaq binanın qarşısından keçərkən uzaqdan detonatoru işə salıb.
Partlayış nəticəsində hər üç şəxs yaralanıb. Ayaqları amputasiya edilən qadının vəziyyətinin hələ də ağır olduğu bildirilir.
39 yaşlı Berezovska “Interpol” tərəfindən yayımlanan axtarış bildirişində “qəsdə cəhd”, “ictimai yerdə cinayət niyyəti ilə partlayıcı qurğu yerləşdirmək” və “cinayətkar qrup yaratmaq” maddələri ilə axtarışda idi.
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB