Ukraynadakı müharibə küçə itlərinin dəyişməsinə də səbəb olur

Ukraynada davam edən müharibənin yalnız insanlara deyil, küçə itlərinə də təsir göstərdiyi məlum olub.

Alimlərin fikrincə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan itlər qısa müddətdə həm fiziki, həm də davranış baxımından daha "vəhşi" xüsusiyyətlər nümayiş etdirməyə başlayıblar.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2022-ci ilin fevralında başlayan müharibənin təbiətə təsirlərini araşdıran maraqlı elmi tədqiqat dərc olunub.

Araşdırmanın nəticələri Evolutionary Applications jurnalında yayımlanıb və müharibə şəraitinin it populyasiyasında nəzərəçarpacaq dəyişikliklərə səbəb olduğunu göstərib.

Tədqiqat çərçivəsində Ukraynanın müxtəlif bölgələrində yaşayan yüzlərlə it üzərində müşahidələr aparılıb. Nəticələr göstərib ki, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan itlərlə daha təhlükəsiz bölgələrdəki itlər arasında həm bioloji, həm də davranış xüsusiyyətləri baxımından əhəmiyyətli fərqlər formalaşıb.

763 it üzərində aparılan araşdırmalar zamanı Ukraynanın 9 müxtəlif bölgəsindən ümumilikdə 763 it qiymətləndirilib.

Tədqiqata müharibə səbəbindən sahibləri tərəfindən tərk edilmiş, eləcə də tamamilə küçə şəraitində yaşayan itlər daxil edilib.

Alimlər xüsusilə cəbhə xəttinə yaxın ərazilərdə yaşayan itlərin fiziki xüsusiyyətlərində və davranışlarında dəyişikliklərin müşahidə olunduğunu bildiriblər. Mütəxəssislərin fikrincə, uzunmüddətli stress, qida çatışmazlığı, təhlükəli mühit və insanlarla təmasın azalması bu dəyişikliklərin əsas səbəbləri arasında yer alır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə