Macarıstan və Slovakiyanın etirazlarına baxmayaraq...

Avropa İttifaqı Rusiyanın Orban və Fikoya qaz nəqlini dayandırmağa hazırdır...

...Üç illik inandırma və güzəştlərdən sonra Avropa İttifaqı qəti addımlar atmaq niyyətindədir: bazar ertəsi, oktyabrın 20-də Avropa İttifaqı ölkələri Rusiya qazının Macarıstan və Slovakiyaya tədarükünü qadağan edən qanunu onların etirazlarına baxmayaraq, təsdiq edəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico xəbər verir.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Avropa İttifaqı Rusiyanın enerji resurslarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb: Rusiyadan neft, kömür və qaz idxalı faktiki olaraq dayanıb, “Qazprom”un Avropa bazarındakı payı isə 45 faizdən 13 faizə düşüb. Bununla belə, Budapeşt və Bratislava alternativlərin azlığını və qiymət artımı təhlükəsini əsas gətirərək Rusiya yanacağını almağa davam edirdi.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin məlumatına görə, Macarıstan və Slovakiya təkcə bu il mədən yanacaqları üçün Rusiyaya 5,58 milyard avro ödəyib ki, bu da keçən il üçün ödədiyindən çoxdur.

Bu ölkələrin vetolarından yan keçmək üçün Avropa Komissiyası yeni mexanizm təklif edib: sanksiyalar əvəzinə ticarət qanunu qəbul ediləcək və bu qanun səs çoxluğu ilə təsdiqlənə bilərdi.

O, 2026-cı ildən Rusiya ilə qısamüddətli qaz müqavilələrini qadağan edəcək və 2027-ci ilin sonuna qədər tamamilə ləğv edəcək.

...Və qeyd edək ki, Macarıstan və Slovakiya hökumətləri bu təşəbbüsü enerji təhlükəsizliyinə təhdid adlandırırlar. Macarıstanın xarici işlər naziri Peter Siyyarto qanunun "ailələr üçün iqtisadiyyatı və qiymət sabitliyini pozduğunu" bildirib.

Slovakiyanın baş naziri Robert Fiko bunu “ideoloji dəlilik” adlandırıb.

Bununla belə, ekspertlər nəticələrin o qədər də ağır olmayacağına inanırlar. Qiymətlər cəmi 5-10 faiz bahalaşa bilər, bəzi xərcləri isə aşağı tranzit haqları ilə kompensasiya etmək olar.

Macarıstan artıq Avropada yeni qaz müqavilələri imzalayır və 2027-ci ildən Rumıniyadan yanacaq almağa hazırlaşır. Avropa İttifaqı diplomatları səbrinin tükəndiyini deyirlər: "Rusiya tərəfdaş deyil, problemdir. Başqa cür davranmağı dayandırmağın vaxtıdır".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə