Müdafiə sənayesi dastanımızı hələ yeni yazmağa başlamışıq

Bu il “TEKNOFEST İstanbul” çərçivəsində təşkil olunan 64 fərqli yarışmaya Türkiyənin 81 vilayəti ilə yanaşı 96 ölkədən 565 min komanda və 1 milyon 200 min iştirakçı qatılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İstanbulda keçirilən “TEKNOFEST 2025”i ziyarət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.

Ümumilikdə 13 min iştirakçı ilə finala çıxan komandaları təbrik edən Türkiyə Prezidenti “TEKNOFEST”i gənclərin gələcəyi və bacarıqlarının üzə çıxarılması baxımından mühüm platforma kimi qiymətləndirib. Türkiyə Prezidenti “TEKNOFEST”in indiyədək 11 milyona yaxın ziyarətçi qəbul etdiyini bildirib.

Ölkəsinin son illər texnologiya, xüsusilə də müdafiə sənayesində böyük uğurlar əldə etdiyini xatırladan Prezident Ərdoğan sözlərinə belə davam edib: “İHA və SİHA-larımızla, tamamilə yerli istehsal olan təyyarə və helikopterlərimiz, hərbi gəmilərimiz, insansız dəniz vasitələrimiz, frekart, mina axtaran gəmilərimizlə Mavi Vətənə, yeni nəsil insansız vasitələrimizlə, tanklarımız və avtonom zirehli döyüş vasitələrimizlə, idarəetmə, radar və elektron müharibə sistemlərimizlə quru üzərində gücümüzə güc qatırıq. Nəhayət, avqustun 27-də ümumilikdə 47 texnikadan ibarət “Polad Qübbə”ni inventarımıza daxil edərək daha bir tarixi mərhələni geridə qoyduq. Bütün bunlar yalnız başlanğıcdır. Müdafiə sənayesi dastanımızı hələ yeni yazmağa başlamışıq. Qarşıdakı dövrdə daha qürurverici müjdələrimiz olacaq”.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə yalnız müdafiə sənayesi sahəsində deyil, süni intellekt texnologiyalarında da yeni sıçrayışlara və sürətli inkişafa hazırlaşır: “Türkiyənin sosial mediası “NSosial” istifadəyə verildi. İndiyədək “NSosial” istifadəçi sayının 1 milyon 300 mini ötməsi son dərəcə sevindiricidir”.

Sonra qalib komandalara mükafatları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə