...İsrail nüvə proqramını canlandırmağa çalışarsa, İrana qarşı yeni hərbi kampaniyaya hazırlaşır.
SİA-nın məlumatına görə, “Axios” öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə hərəkətləri təsdiqləyə bilər. Mənbələrin məlumatına görə, iyulun 7-də Ağ Evdə axşam yeməyində Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında əsas müzakirə mövzusu İranın nüvə təhlükəsi olub.
İsrail rəsmiləri İranın uranın zənginləşdirilməsini bərpa edəcəyi təqdirdə gələcək strategiya ilə bağlı Trampla razılaşmağa ümid edirlər.
Netanyahunun müşaviri Ron Dermer qapalı brifinqlərdə bildirib ki, Tramp administrasiyası müəyyən şərtlər daxilində İrana yeni zərbələri dəstəkləməyə hazır görünür.
Bu şərtlərə İranın Fordo, Natanz və İsfahandakı zədələnmiş obyektlərdən yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmaq və ya uranın zənginləşdirilməsi infrastrukturunu bərpa etmək səyləri daxildir.
...Ötən həftə İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ-ın vitse-prezidenti J.D.Vans, dövlət katibi Marko Rubio və Ağ Evin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff ilə görüşüb. O, heç bir təfərrüat açıqlamayıb.
Trampın özü də İsraillə İran arasında 12 günlük müharibənin bitməsindən sonra iki dəfə bildirib ki, Tehran uranın zənginləşdirilməsinə qayıtsa, ABŞ yenidən zərbə endirə bilər. Eyni zamanda, o, diplomatik yolla nizamlanmanın mümkünlüyünü istisna etmir və münaqişənin yeni fazasından qaçmağa ümid edir.
Hazırda ABŞ və İsrailin hesablamalarına görə, İranın üç nüvə obyektinin ərazisində 60 faizə qədər zənginləşdirilmiş 400 kq-a yaxın uran qalıb – bu, demək olar ki, silah səviyyəsindədir (bunu əldə etmək üçün 90 faizə çatmaq lazımdır).
Obyektlərin özləri ciddi zədələnib, lakin tam dağılmayıb və onlara çatmaq çətindir.
İran prezidenti Məsud Pezeşkian Taker Karlsona müsahibəsində dəymiş ziyanın böyük olduğunu təsdiqləyib, lakin Tehran hələlik bu obyektlərin vəziyyətini obyektiv qiymətləndirə bilmir.
Eyni zamanda, ABŞ və İsrail kəşfiyyat xidmətləri materialların mümkün təxliyəsini və ya bərpa işlərinin başlanmasını operativ şəkildə qeydə almaq üçün İranın hərəkətlərini diqqətlə izləməyə davam edir.
Ağ Evin xüsusi nümayəndəsi Steve Vitkoffun yaxın günlərdə Osloda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşərək uran danışıqlarını canlandırmaq cəhdi gözlənilir.
İran belə bir görüşün hazırlandığını təsdiqləyib, lakin hələlik dəqiq tarix yoxdur.
Dermer deyib ki, ABŞ hələ də sərt mövqeyini qoruyur: İranda uranın zənginləşdirilməsinə icazə verilmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə