İsrail ordusu fələstinlilərə məxsus evi partladıb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Qalkiliya şəhərində fələstinlilərə məxsus evi partladıb, sahiblərinin yəhudi yaşayış məntəqəsinə hücum etdiyini iddia edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bölmə fələstinli Əbdülqani ailəsinə məxsus 120 kvadratmetrlik evi mühasirəyə alıb və ətrafı boşaltdıqdan sonra evi partladıb. İsrail Əbdülqani ailəsinin oğlu Sultan adlı fələstinlini 2024-cü ildə Nalus və Qalkiliya şəhərləri arasındakı Qdumim yəhudi qəsəbəsi ətrafında həyata keçirdiyi hücumda bir İsrail əsgərini öldürməkdə ittiham edir. 2024-cü ilin avqust ayından axtarışda olan Sultanın hələ də İsrail əsgərləri tərəfindən tapılmadığı bildirilir.

İsrail hakimiyyəti İsrail hədəflərinə hücum təşkil etməkdə ittiham etdikləri fələstinlilərə məxsus evlərin sökülməsi siyasətini davam etdirir. Bu təcrübə insan haqları təşkilatları və beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə tənqid edilib və onlar sözügedən tədbirin beynəlxalq hüquqla qadağan edilmiş “kollektiv cəza” forması olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə