Avstriyada yeni hökumətin andiçmə mərasimi keçirilib

Martın 3-də Vyanada Avstriyanın yeni hökumətinin andiçmə mərasimi keçirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Hofburq“ sarayında keçirilən mərasimdə dövlət başçısı Aleksander Van der Bellen çıxış edib. O, yeni hökumətin üzvlərini dünyada, o cümlədən Avropada sülhə və əmin-amanlığa daha çox ehtiyacın hiss olunduğu indiki dövrdə səylə işləməyə çağırıb.

Mərasimdə Federal Kansler vəzifəsini tutan Kristian Ştoker (Avstriya Xalq Partiyası – ÖVP) and içib və müvafiq sənəd imzalanıb.

Yeni hökumətin formalaşması ötən il sentyabrın 29-da keçirilmiş parlament seçkilərindən sonrakı çətin koalisiya danışıqlarından sonra baş tutub. Belə ki, seçkilərdən sonra Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) arasında koalisiya danışıqları aparılıb. Bu il yanvarın əvvəlində bu danışıqlar uğursuzluqla nəticələndikdən sonra seçkilərdə ilk yeri tutan, lakin heç bir siyasi qüvvənin əməkdaşlıq etmək istəmədiyi sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) hökuməti formalaşdırmaq üçün mandat alıb. ÖVP ilə bir ay davam edən danışıqlardan sonra bu partiyanın da hökumət qurmaq cəhdi uğursuzluğa düçar olub. Məhz bu böhrandan sonra ÖVP, SPÖ və NEOS yenidən danışıqlar masası arxasına qayıdıblar və yeni koalisiyalı hökumətin qurulması üzərində konstruktiv işə başlayıblar.

Yeni hökumətdə vitse-kansler vəzifəsini tutan Andreas Babler (SPÖ), həmçinin mənzil, incəsənət, mədəniyyət, media və idman üzrə nazir olacaq. Koalisiyalı hökumətin ən kiçik üzvü NEOS partiyasının rəhbəri Beate Maynl-Rayzinqer isə Xarici İşlər Nazirliyinə rəhbərlik edəcək.

Yeni hökumətdə daxili işlər, müdafiə, kənd təsərrüfatı, iqtisadiyyat nazirlikləri ÖVP təmsilçiləri tərəfindən idarə ediləcək. Eyni zamanda, Federal Kansler Aparatı yanında Ailə, Gənclər, Aİ və İnteqrasiya üzrə Nazirliyin rəhbəri də bu partiyadan olacaq.

Hökumətdə ikinci böyük siyasi qüvvəni təşkil edən sosial-demokratlar (SPÖ) isə Maliyyə, Ədliyyə, Qadın, Elm və Tədqiqatlar, Nəqliyyat, İnnovasiyalar və Texnologiya nazirlikləri, eləcə də Əmək, Sosial Məsələlər, Səhiyyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Nazirliyə rəhbərlik edəcəklər.

Koalisiyalı hökumətdə, eyni zamanda, beş dövlət katibi müxtəlif resurslar üzrə cavabdeh olacaq. Maliyyə Nazirliyində dövlət katibi, rəqəmsallaşma və koordinasiya üzrə dövlət katibi, İqtisadiyyat, Enerji və Turizm Nazirliyində dövlət katibi vəzifələri ÖVP, Səhiyyə və Daxili İşlər nazirliklərində dövlət katibləri vəzifələri isə SPÖ tərəfindən təyin olunmuş şəxslər tərəfindən həyata keçiriləcək.

Mərasim çərçivəsində, həmçinin indiyədək qüvvədə olan hökumətin bütün üzvləri vəzifələrindən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə