İtaliyada müdafiə nazirinin səsi ilə iş adamlarını aldadıblar

İtaliyada müdafiə naziri Quido Krosettonun adı və səsi istifadə edilərək ölkənin tanınmış iş adamlarından biri dələduzluğa məruz qalıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “La Repubblica” qəzetinin məumatına görə, təxminən 10 iş adamı nazir Krosettonun səsini süni intellekt vasitəsilə təqlid edən şəxslər tərəfindən aldadılmağa çalışılıb. Dələduzlar süni intellektlə nazirin səsini təqlid edərək bəzi iş adamlarına zəng edib. Söhbət zamanı əvvəlcə nazirlikdə çalışan bir generalın zəng etdiyi daha sonra isə zəngin guya nazirə yönləndirildiyi bildirilib. Bu zənglərdə İran və Suriya kimi Yaxın Şərq ölkələrində oğurlanan italiyalı jurnalistlər üçün təcili fidyə ödənilməsinin vacib olduğu qeyd olunub. Dələduzlar nazirin səsi ilə iş adamlarına müdafiə nazirliyinin büdcəsinin belə ödənişlər üçün kifayət etmədiyini, lakin İtaliya Mərkəzi Bankının sonradan bu pulu geri qaytaracağını iddia ediblər.

Mətbuatda yayılan digər məlumatlara görə, dələduzlar iş adamları ilə danışarkən 19 dekabrda İranda saxlanılan və 8 yanvarda azad edilərək ölkəsinə qaytarılan italiyalı jurnalist Çeçiliya Sala hadisəsindən istifadə ediblər. Dələduzların hədəf aldığı iş adamları arasında moda və nəqliyyat sahəsindəki investisiyaları ilə tanınan Dieqo Della Valle, məşhur moda markası “Armani”nin sahibi Corcio Armani, “Prada” şirkətinin baş direktoru Patrisio Bertelli, iş adamı Lusiya Aleotti, tikinti sektorundan Françesko Kaltacirone, silah sənayesindən Pietro Qussalli Beretta və “Inter” klubunun keçmiş prezidenti, enerji sektorunda fəaliyyət göstərən Massimo Moratti kimi tanınmış adların olduğu bildirilir. Dələduzların indiyədək iki bank köçürməsi əldə etməyə nail olduqları və bu köçürmələrin Moratti tərəfindən həyata keçirildiyi qeyd olunub. “Inter” klubunun keçmiş prezidentinin ümumilikdə təxminən 1 milyon avro göndərdiyi bildirilib.

İtaliyanın müdafiə naziri Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bəyan edib və sosial şəbəkə hesablarından adının istifadə edilərək dələduzluq edildiyi barədə xəbərdarlıq yayıb. Nazir televiziya kanallarından birinə verdiyi müsahibədə dələduzların hədəf aldığı iş adamlarından birinin onu birbaşa axtarması nəticəsində vəziyyətdən xəbər tutduğunu bildirib.

Milan şəhəri Respublika Prokurorluğu isə bu məsələ ilə bağlı dələduzluq ittihamı ilə araşdırma başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə