Parisdə Zəfər Tağı və liseylərdə bomba yerləşdirilməsi ilə bağlı yalan məlumatlar verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Parisdə naməlum şəxslər tərəfindən Zəfər Tağında və liseylərdə bomba olması ilə bağlı saxta xəbərdarlıq yayılıb. Xəbəri verən naməlum şəxslər pul tələb ediblər.
Məlumatı ciddi qəbul edən polis Parisin 13-cü rayonunda Jan-Zey internat məktəbində, 14-cü rayondakı Filip-Löklerk Otklok (Philippe-Leclerc Hautecloque) liseyində və Zəfər Tağı (Arc de Triomphe) ətrafında təxliyə və yoxlamalar aparıb.
Parisdə Vebedia (Webedia) şirkətinin baş qərargahına da 3 bomba qoyulması ilə bağlı başqa bir telefon zəngi daxil olub. Yoxlamalardan sonra xəbərin yalan olduğu təsdiqlənib.
"Bu xəbərdarlıqlar çox vaxt yalan olur, ancaq buna baxmayaraq, biz təhdidləri çox ciddi qəbul edirik", - deyə Paris polis prefekturası “Le Parisien” nəşrinə bildirib.
Paris polis prefekturası və Paris prokurorluğu təkrar ölümlə hədələmə və yalan məlumatlar vermə ittihamı ilə cinayət işi açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə