Türkiyə və İordaniyanın yüksək səviyyəli rəsmiləri 6 yanvarda paytaxt Ankarada 3+3 formatında bir araya gəlib.
SİA türk saytlarına istinadən xəbər verir ki, İordaniyanın Xarici işlər naziri Ayman əs-Safedi, İordaniya Baş Qərargah rəisi, general-mayor Yusuf əl-Huneyti və İordaniya Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Əhməd Hüsni Ankarada Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın ilə görüşüb.
Türkiyənin İordaniya ilə terrorla mübarizə və müdafiə sənayesi sahələrində əməkdaşlığının müzakirəsindən təşkil edilən mətbuat konfransında çıxışında nazir H.Fidan belə bəhs edib: “Türkiyə illərdir terrorla mübarizədə amansız səy göstərir və qələbə qazanır. Amma təəssüf ki, ölkəmizdən kənarda DAEŞ başda olmaqla bir çox terror təşkilatı öz işini davam etdirir.
Müsəlman cəmiyyətləri üçün zəhər olan DAEŞ-in dinimizdən sui-istifadə edərək zorakılıq tətbiq etməsi, insanları vəhşicəsinə öldürməsi, terrorla dövlətlərin nizam-intizamını pozması, qeyri-sabitlik və xaosa sürükləməsinə biz susa bilməzdik. Türkiyə daxilində və xaricində İslam ölkələrinin ortaq problemi olan DAEŞ-dən qurtulmaq üçün böyük həssaslıqla mübarizə apardıq. Bu terrorçulara bölgəmizdə yenidən baş qaldırmağa imkan verə bilmərik.
Terror təşkilatı PKK ilə də mübarizəmiz davam edir. Şükürlər olsun ki, Türkiyədə böyük bir təmizləmə aparıldı.
İraqdakı bacı-qardaşlarımız Sincardakı işğala göz yumur. Bilmirik niyə belədir? Yəqin tezliklə düzələr.
Suriyada şərtlər dəyişib. Artıq orada terror təşkilatı PKK/YPG-nin varlığının aradan qaldırılması zaman məsələsidir. ABŞ və bəzi Avropa ölkələri PKK üçün mühafizəçi rolunu oynayır. PKK/YPG “DAEŞ-ə qarşı mübarizə” pərdəsi altında iş görür. Halbuki bu, reallıqla uyğun deyil”.
İordaniya Xarici işlər naziri Ayman əs-Safedi də çıxışında bunları deyib: “Türkiyənin təhlükəsizliyinə təhdid bölgənin təhlükəsizliyinə təhdiddir. Regionda əmin-amanlığa töhfə verəcək şəkildə qarşılaşdığımız çətinliklərlə bağlı Türkiyə tərəfi ilə koordinasiyalı çalışacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə