Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderləri Rusiyada bir araya gəldilər.
SİA-nın məlumatına görə, Rusiyanın Sankt Petersburq şəhərindəki qeyri-rəsmi sammitdə Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko ilə yanaşı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Caparov, Tacikistan prezidenti İmaməli Rəhman, Türkmənistan dövlət başçısı Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak ediblər.
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması səbəbindən Rusiya səfərini ləğv edərək sammitə qatılmayıb. Ermənistan baş naziri Nikol Paşinyan da COVID-19-a yoluxduğu üçün zirvədə iştirak etməyib.
Putin iclasın əvvəlində etdiyi açıqlamada MDB ölkələri arasındakı münasibətlərə toxunub. O, "MDB çərçivəsində əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verir. Gələcəkdə də sosial-iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyin gücləndirilməsi ilə bağlı məsələlərdə birlikdə çalışmağa davam edəcəyik" ifadələrini işlədib.
Vladimir Putin liderlərlə görüşdə MDB çərçivəsindəki işləri müzakirə edəcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə