“Oreşnik”in hədəfi “Kiyevdəki qərar qəbuletmə mərkəzləri” ola bilər...

Rusiya NATO ölkələrindəkindən 10 dəfə çox raket istehsal edir

Vladimir Putin KTMT-nin Astanada keçirilən sammitində bildirib ki, yeni “Oreşnik” ballistik raketləri ilə hücumların hədəfi “Kiyevdəki qərar qəbuletmə mərkəzləri” ola bilər.

SİA-nın məlumatına görə, Putin həmçinin qeyd edib ki, Rusiya Ukraynanın hərəkətlərinə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin Bryansk və Kursk vilayətlərində uzaqmənzilli raketlərlə endirdiyi zərbələrə cavab olaraq raketlərin döyüş sınaqlarını davam etdirəcək. Onun sözlərinə görə, Baş Qərargah və Müdafiə Nazirliyi Oreşnik tərəfindən düşmən ərazisinə zərbələr endirmək üçün hədəflər seçir.

Putin bildirib ki, yeni raket böyük dərinliklərdə yerləşən yüksək mühafizə olunan obyektləri vura bilər.

...“Oreşnik”in seriyalı istehsalına artıq başlanılıb və ümumilikdə Rusiya NATO ölkələrindəkindən 10 dəfə çox raket istehsal edir.

Bunu da Putin deyib.

Xatırladaq ki, Rusiya qoşunları Dneprdəki “Yujmaş” zavoduna hücum etmək üçün ilk dəfə “Oreşnik” raketindən istifadə ediblər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iddia edir ki, “Oreşnik”in Həştərxan vilayətində buraxıldığı andan Dnepr çayına düşməsinə qədər uçuş vaxtı 15 dəqiqə olub. Raket altı döyüş başlığı ilə və hər biri altı sursatla təchiz edilmişdir. Əvvəlcə Ukrayna hakimiyyəti zərbənin qitələrarası ballistik raketlə həyata keçirilə biləcəyini desə də, Qərb ölkələrindəki mənbələr bunu rədd edib. Mütəxəssislərin ümumi rəyi onun orta mənzilli raket olması idi.

Yeri gəlmişkən, ABŞ və müttəfiqləri Dneprə hücumu və Rusiyanın yeni silah növündən istifadə etməsini pisləyib. Moskva isə öz növbəsində bunu Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyaya hücumlarına cavab adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə