Turistlər ən çox hansı ölkələrə üz tutur? - ARAŞDIRMA

Azərbaycan turizm cəhətdən inkişaf etmiş ölkələrdəndir. Ölkəmiz, xüsusən də paytaxt Bakı zəngin tarixə malikdir.

Azərbaycanda turistlər üçün gəzməli yerlərin siyahısı aşağıdakı kimidir:

Bakı

İçərişəhər

Abşeron Milli Parkı

Qarasu vulkanı

Naftalan

Qobustan

Xəzər dənizi

Şirvan Milli Parkı

Nabran

Şəki

Yanardağ

Bakı Dənizkənarı Milli Park

Atəşgah

Yanar Bulaq

Azərbaycanın paytaxtı Bakı müasir görkəmi ilə turistləri qarşılayır. Gecələr rəngli olan Alov Qüllələri şəhərə fərqli bir atmosfer qatır.

“İçəri şəhər” və “Qala” kimi də tanınan İçərişəhər YUNESKO-nun Dünya İrs Siyahısına daxildir. Siyahıda olan tikililər arasında köhnə divarlarla əhatə olunmuş Bakı şəhərinin bir hissəsi olan XII əsrə aid Qız Qalası və 13-cü əsrə aid Şirvanşahlar Sarayı da var.

İçərişəhərə təkcə memarlıq tikililəri üçün deyil, həm də ənənəvi Azərbaycan milli geyimlərini görmək üçün gələ bilərsiniz.

783 hektar ərazini əhatə edən Abşeron Milli Parkı təbiəti yaxından görmək üçün mükəmməl yerdir. Burada ceyran, quş, çaqqal, porsuq kimi heyvanları yaxından görmək imkanınız var.

Azərbaycana gələn turistlərin çoxu bilmir ki, dünyada ən çox palçıq vulkanı bizim ölkədə var. Azərbaycanda 350 vulkanik dağ var.

Naftalan xam nefti ilə tanınır və regionda sağlamlıq turizminin aparıcı yerlərindən biridir. Buraya gələnlər yağda çimməklə bəzi xəstəliklərə şəfa tapırlar.

Qobustandakı tapıntılar tarixdən əvvəlki dövr haqqında çox ətraflı məlumat verir.

Xəzər dənizi 371 min kilometr ərazisi ilə dünyanın ən böyük gölləri sırasındadır.

2003-cü ildə rəsmi mühafizə olunan Şirvan Milli Parkı Xəzər dənizinə yaxın ərazidə yerləşir. Bakıdan cənubda 54 min hektar ərazini əhatə edir. Milli parkda yarımsəhra mənzərələrinə rast gəlmək olar. Ceyran, kirpi, qu quşu, flaminqo kimi heyvanları da yaxından görə bilərsiniz.

Nabran Bakıdan təxminən 3 saatlıq məsafədə Azərbaycanda kurort zonasına çevrilmiş kənddir. Xəzərin sahilində yerləşən kənd yay aylarında bol günəş işığı alır. Nabranda su parkı və hovuz kimi su əsaslı fəaliyyətlərə çox rast gəlinir. Axşamlar fəaliyyət barlar, restoranlar və gecə klubları ilə davam edir.

Bakının qərbində yerləşən Şəki, Qafqazın ən qədim yaşayış məskənlərindən biridir və 2500 il əvvələ aid olduğu bildirilir. Şəki İpək Yolu üzərində yerləşdiyi üçün əvvəllər ipəkləri və toxuculuqları ilə məşhur bir yer olub. Bu ənənənin davamını bu gün də görə bilərsiniz. Bəzəkli tikmələr və əl işləri turistlərin diqqətini cəlb edir.

Şəki şəhərini təkcə toxuculuq deyil, həm də memarlıq strukturları vacib edir.

Bakı klassik sahil ekskursiyaları üçün yaxşı seçimdir. Ailənizlə dəniz kənarında vaxt keçirə biləcəyiniz müxtəlif yerlər var. Axşamlar işıqlı olan məkana getməzdən əvvəl canlı musiqi proqramlarına baxmanızı tövsiyə edirik

Təbii qazın və neftin yanması Azərbaycanı “odlar yurdu” adlandırmağa gətirib çıxarıb. Zərdüştilər üçün vacib olan od ilahi varlığın olduğunu sübut etdi. Bu səbəbdən bəzi yerlərdə məbədlər tikilmişdir. Biri Bakıdan kənar Suraxanı qəsəbəsindəki Atəşgahdır. Altıbucaqlı məbədin 17-ci əsrə aid olduğu deyilir.

Yanan suyu görmək istəyirsinizsə, Astara və Lənkəran şəhərləri arasındakı yolun üzərində yerləşən, maraqlı Yanar Bulağa gəlməlisiniz. Su boru vasitəsilə vurulur və içindəki alovlu su təbii metan qazı ilə reaksiyaya girərək alışır. Azərbaycanda yerli sakinlər buradakı suyun müalicəvi xüsusiyyətlərə malik olduğuna inanırlar. Buradan çıxarılan su bir sıra xəstəliklərin müalicəsində içməli su kimi istifadə olunur.

Astara İranla sərhəddə yerləşir. Meşələr və dağlarla əhatə olunmuş Astara Azərbaycanın ən gözəl rayonlarından biridir. Onun öz kafeləri, restoranları və muzeyi var.

Muzey yaxınlıqdakı arxeoloji tapıntılara həsr edilmişdir. Burada 2000 ildən çox yaşı olduğu iddia edilən insan fiqurları, heyvan heykəlləri, medalyonlar və daş işləri kimi qalıqları görə bilərsiniz. Astaranın sərhədləri daxilində köhnə məscidlər, qüllələr, hamamlar, türbələr, dağ kəndləri kimi yerlər var.

Bu sadaladıqlarımız Azərbaycanın turistlər üçün maraqlı ola biləcək yerlərinin sadəcə bir qismidir. Dünyanın bəzi şəhərləri və ya ölkələri də var ki, onlar da çoxlu turist cəlb edir. Bəs, gəlin görək dünyada ən çox turist cəlb edən şəhərlər və ölkələr hansılardır?

Dünyada ən çox turist cəlb edən ölkələr:

Bu ölkələr arasında reytinqdə birinci yerdə Fransadır. 2012-ci ilin rəqəmlərinə görə, 83 milyon turistin ziyarət etdiyi Fransada ən maraqlı yer paytaxt Parisdir.

ABŞ ikinci yerdədir. Nyu York, Maimi və Los Anceles kimi şəhərləri ilə diqqət çəkən ABŞ-a 2012-ci ildə gələn turistlərin sayı 67 milyon nəfər olub.

Dünyanın ən sıx məskunlaşdığı ölkə olan Çin həm də ən çox turist cəlb edən ölkələrdən biridir. Çin xüsusilə iş turizmində çox təsirli bir ölkə olub. 2012-ci ildə Çinə gələn turistlərin sayı 57,7 milyon nəfər olub.

Barselona, ​​Madrid və Valensiya kimi bir çox turizm şəhəri olan İspaniya dünyada ən çox turist cəlb edən ölkələrdən biridir. Hər il ölkəsinə gedən turist sayını artıran İspaniya 2012-ci ildə 57,7 milyon turisti qəbul edib.

Roma, Milan, Venesiya, Florensiya kimi Roma imperiyasının və İntibah dövrünün ən təsirli əsərlərinə ev sahibliyi edən İtaliya dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə çevrilib. 2012-ci ildə İtaliyaya 46,4 milyon insan səfər edib.

İstər dəniz, istər günəş, istərsə də mədəniyyət turizmi ilə hər təbəqədən turistə xitab edən Türkiyə turizmdə ən sürətlə inkişaf edən ölkələrdən biridir. Türkiyə 2012-ci ildə 35,7 milyonla İngiltərəni geridə qoyaraq 6-cı yerdədir.

Dünyanın ən güclü iqtisadiyyatlarından birinə sahib olan Almaniya ölkəsinə gələn turistlərin sayı ilə diqqət çəkir. Ötən illərdə Almaniyaya 30,4 milyon turist gəlib.

Təkcə İngiltərə deyil, həm də Şimali İrlandiya, Uels və Şotlandiyanın daxil olduğu Böyük Britaniya ən çox turist cəlb edən ölkələr siyahısında 8-ci yerdədir. Bu baxımdan İngiltərənin paytaxtı London ən çox turist cəlb edən şəhərdir.

Moskva, Peterburq kimi tarixi şəhərlərin yerləşdiyi Rusiya ən çox turist cəlb edən ölkələrdən biridir. Ən çox diqqət çəkən yerlər kimi Çar imperiyası və Sovet İttifaqına aid əşyalar göstərilir.

Malayziya ekzotik adaları və zəngin mədəni irsi ilə diqqət çəkən ölkələrdən biridir. Bu Uzaq Şərq ölkəsi 25 milyon turistin ziyarət etdiyi bir ölkədir.

SİA dünyada və Azərbaycanda olan turizm zonaları və turistlərlə bağlı olan qanunlarla bağlı araşdırma apararaq iqtisadçı və hüquqşünasların fikirlərini öyrənib.

Hüquqşünas Fariz Əkbərov: “Azərbaycan ərazisinin qədim tarixə, zəngin mədəni abidələrə, əlverişli coğrafi mövqeyə, cəlbedici təbiətə, folklora malik olması və müxtəlif dinlərin qovşağında yerləşməsi, konfrans zalları, mehmanxanalar və xidmət infrastrukturlarının olması, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində təcrübə turizmin inkişafı üçün zəmin yaradır.

Azərbaycanda mövcud olan turizm marşrutları yenilənməkdə davam edir. Pandemiya ilə bağlı karantin tədbirlərinin yumşaldılmasından sonra təklif olunan turizm marşrutları üzrə aparılan səmərəli fəaliyyət nəticəsində yerli və xarici turistlərin səfərləri intensiv xarakter almağa başlayıb.

Ölkəmizdə yay və qış turizminin inkişafına göstərilən diqqətin nəticəsidir ki, beynəlxalq səviyyəli turizm bazaları daha çox diqqəti cəlb edir, mehmanxanaların sayı artır, qonaqlara xidmət göstərən kadrların püxtələşməsi istiqamətində önəmli tədbirlər həyata keçirilir.

Mədəni turizm - Regionların mədəni irsini, əhalisinin həyat tərzini, tarixini, incəsənətini, memarlığını, dinini və s. əhatə edən bu növdə əsasən kənd yerlərində tarixi məkanlara, mədəniyyət obyektləri olan qoruqlara, abidələrə, muzeylərə, teatrlara, köhnə və yeni memarlıq nümunələrini, eləcə də yerli əhalinin həyat tərzini və milli dəyərlərini əks etdirən festivallara və bayramlara ziyarət etmək mümkündür.

Sağlamlıq turizmi - həm ənənələri, həm də müasir imkanları mövcuddur. Ölkədə isti və mineral bulaqların sayı minlərlədir və bunlardan İstisu, Turşsu, Badamlı, Qalaaltı, Şıxburnu, Suraxanı suları ən tanınmış müalicəvi su mənbələrindəndir. Eləcə də Azərbaycanın ən mühüm kurort resurslarından biri Naftalan neftidir. Naftalan neftindən yel, qan, damar, oynaq xəstəliklərinin, həmçinin maddələr mübadiləsinin pozulması, dəri və ginekoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunur.

Bu müddət ərzində turizm nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilmiş və turistlərin istifadəsinə verilmişdir.

Qeyd edim ki, hər il Azərbaycanda 27 sentyabr «Ümumdünya Turizm Günü» kimi qeyd olunur. Turizm haqqında Azərbaycan Respublikasının Qanunun 14 -cü maddəsinə əsasən

Turistlərin hüquq və vəzifələri

- Getdiyi ölkənin (yerin) ərazisinə daxil olma, orada olma qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizə olunan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm obyektləri, ətraf mühitin vəziyyəti barədə məlumat almaq;

- Təxirəsalınmaz tibbi yardım almaq;
- Şəxsi və əmlak təhlükəsizliyinin təmin edilməsini, fərdi məlumatlarının qorunmasını tələb etmək;
- Təklif edilən turizm zərfinin (turizm xidmətinin) xüsusiyyətləri, turizm xidmətlərinin göstərilməsi üzrə müqavilənin şərtləri haqqında tam, dəqiq və düzgün məlumat almaq;
- Turizm zərfinin (xidmətinin) satışına dair müqavilə şərtlərinin yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək”.

İqtisadçı, deputat Vüqar Bayramov: “Azərbaycana gələn turistlərin sayında karantin tədbirlərinin yumşalması fonunda artımlar müşahidə olunur. Statistika da göstərir ki, bu ilin üç ayında ölkəyə gələn turistlərin sayı artıb.

2019-cu ildə ölkəyə maksimum səviyyədə 3,2 milyon turist gəlmişdir. Amma pandemiya səbəbindən ölkəyə gələn turistlərin sayı azaldı. Lakin artıq yenidən artımlar müşahidə olunur.

Ölkəyə gələn turistlərin içərisində ən çoxu Rusiyadan gəlir. Pandemiyadan əvvəlki dövrlərdə də Rusiyadan gələn turistlərin sayı kifayət qədər çox idi. Eyni zamanda Rusiya ilə yanaşı Gürcüstan, Türkiyə və İrandan Azərbaycana gələn turistlərin sayı da kifayət qədərdir. Dörd ölkə praktik olaraq Azərbaycana gələn turistlərin təxminən yarıdan çoxunu formalaşdırır. Eyni zamanda son dövrlər Avropadan, eləcə də körfəz ölkələrindən, bir sıra Asiya ölkələrindən də Azərbaycana gələn turistlərin sayında artımlar var.

Bütövlükdə gözlənilir ki, artıq yeni turizm mövsümündə Azərbaycana gələn turistlərin sayı yenidən çoxalacaq. Bu da təbii ki, Azərbaycanın turizm gəlirlərinin 2022-ci ildə artacağından xəbər verir”.

İqtisadçı Elşad Məmmədov: “Sözsüz ki, turist axınları nöqteyi-nəzərdən Azərbaycan üçün ən prioritet Rusiya turistləridir. Nəzərə aldıqda ki, Rusiyadan digər ölkələrə gedən turistlərin sayı beynəlxalq gərginliyə görə azalacaq, bu Azərbaycan üçün olduqca məqsədli bazardır.

Nəzərə almaq lazımdır ki, artıq ilin əvvəlindən ölkəmizə Rusiyadan gələnlərin sayı xeyli dərəcədə dəfələrlə artmışdır və mən düşünürəm ki, bu bazar uğrunda çox ciddi şəkildə Azərbaycan turizm industriasına aid olan qurumlar fəaliyyət göstərməlidir.

Eyni zamanda daxili turizm industriasının və potensialının inkişafına səylər göstərilməlidir. Çünki dünya iqtisadiyyatında mövcud olan böhran bütövlükdə beynəlxalq turist axınlarına mənfi təsir göstərəcək və artıq göstərməkdədir. Ona görə də daxili turizmin inkişafı da prioritet olmalıdır. Yəni, bir tərəfdən Rusiyadan turist axınının təmin olunmasına çalışmaq lazımdır.

Digər tərəfdən isə daxili turizm infrastrukturunun və industriasının inkişafına istiqamətlənmək lazımdır. Bunun üçün isə investisiya axınlarının artmasına şərait olmalıdır. Bugünkü gün investisiyaların həcmi hesab edirəm ki, ürəkaçan deyil. Əgər biz iqtisadi inkişafa nail olmaq istəyiriksə, bunun açarı sözsüz ki, investisiya artımından keçir. O cümlədən də turizm industriasının həm xarici turistlərin gəlməsi nöqteyi-nəzərdən, həm daxili turizmin inkişafı baxımından turizm sektorunun bütövlükdə inkişafı sözsüz ki, həmin sahəyə investisiyaların artan xətt üzrə istiqamətləndirilməsindən keçir. Ona görə də mən düşünürəm ki, pul krediti siyasəti yumşalmalı, turizm sektoruna yatırılan investisiyaların həcmi kəskin şəkildə çoxalmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə