Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir - FOTOLAR

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə ölkənin turizm potensialını tanıtmaq məqsədilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən və "İpək Yolu üzərində turizm" mövzusuna həsr olunmuş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) iştirak edir. SİA bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, ölkəmizi milli stenddə "Azərbaycan Hava Yolları" və "Şahdağ Turizm Mərkəzi" QSC-lərlə birlikdə ümumilikdə 9 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək kurortları, şərabçılıq ənənələri, sağlamlıq və geniş qış turizmi imkanları barədə ətraflı məlumat verilir, eləcə də xarici turizm təmsilçiləri ilə B2B formatında işgüzar görüşlər təşkil olunur.

Sərgi çərçivəsində "Şahdağ Turizm Mərkəzi"nin üzv olduğu Avrasiya Dağ Kurortları Alyansının nümayəndələrinin iştirakı keçirilən tədbirdə Mərkəzin nümayəndələri üzvlərə və tədbir iştirakçılarına kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat verib.

Tədbirdə növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili "Şahdağ" Turizm Mərkəzinə ötürülüb və tədbirin 2025-ci ilin mart ayında keçirilməsi qərara alınıb.

TIFF Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur. Sabah başa çatacaq sərgiyə 1500 iştirakçının, dünyanın bir sıra ölkələrindən ümumilikdə 15 mindən çox ziyarətçi və turizm sənayesi nümayəndəsinin qatılacağı gözlənilir.

Bu ilin yanvar-oktyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 37 536 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə