İnternetin keyfiyyəti turizmə necə təsir göstərir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Ümumiyyətlə, internetin keyfiyyətinə görə Azərbaycan dünya ölkələri arasında heç də ilk sırada deyil. Düzdür, internet ölkəmizdə yayqın olsa da, sürətinə görə kifayət qədər yaxşı yer tutmur. Bu, yalnız turizm sektoruna deyil, bütün müəssisələrə aiddir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, müasir dünyada hər bir müştərinin, eyni zamanda, turistlərin də gözləntiləri hər şeyin mümkün qədər tez və keyfiyyətli həll yollarının tapılmasıdır: "O cümlədən, xidmətdə də sürət və keyfiyyət tələb edirik. Təbii ki, internet də bu xidmətlərə daxildir. Bu, yeni nəslin tələbatıdır. Ona görə də bu tələbatı ödəmək üçün turizm müəssisələri müştərilərin istəklərinə uyğun məhsullar hazılamalıdır. İnternetin sürətini də artırmaq turizm üçün önəmli addımlardandır".

"Eyni zamanda, turistlərin məmnunluğu üçün xidmət yüksək səviyyədə olmalı, gediş-gəliş daha əlçatan olmalıdır. Bugünkü gündə insanların çoxu daha əlverişli qiymətlərlə təyyarə ilə uçuşa üstünlük verirlər. Ümumilikdə günümüzdə həyat tempi sürətləndiyi üçün insanlar da hər hansı bir şey üçün uzun müddət gözləmək istəmirlər.

Biz hər zaman qeyd edirik ki, turizmin inkişafı üçün sağlam rəqabət mühitinin daha da genişləndirilməsi və bu mühitdə əlverişli qiymətin, keyfiyyətli xidmətin təmin olunması, günün tələbinə uyğun olaraq problemlərin tez bir şəkildə öz həllini tapması məsələləri önəm kəsb edir"- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə