Rəqəmsal asılılıq ən çox hansı yaş qrupunda təhlükəli həddə çatır? - TEXNOLOQ DANIŞDI

"Rəqəmsal asılılıqla bağlı yanlış fikirlərdən biri onun yalnız uşaqlara aid problem hesab edilməsidir. Əslində, bu gün texnologiyadan ən çox istifadə edən qruplardan biri yeniyetmələr olsa da, rəqəmsal asılılığın təsiri xüsusilə 13–19 yaş aralığında daha ciddi nəticələr yarada bilir. Çünki bu dövrdə insanın düşüncə tərzi, sosial bacarıqları və şəxsiyyəti formalaşır.
Məsələ yalnız telefona çox baxmaq deyil".

Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, problem ondadır ki, bəzi yeniyetmələr real həyatda əldə etmədikləri diqqəti və təsdiqi sosial şəbəkələrdə axtarmağa başlayırlar: "Bəyənmə sayı, izləyici sayı və ya paylaşımlara gələn reaksiyalar zamanla onların özünəinamına təsir göstərə bilir. Bu isə psixoloji asılılıq riskini artırır.

Hazırkı müasir platformalar istifadəçini mümkün qədər uzun müddət ekranda saxlamaq üçün hazırlanır. Sonsuz videolar, avtomatik açılan məzmunlar, bildirişlər və tövsiyə sistemləri insanın diqqətini daim cəlb edir. Yeniyetmələr isə bu mexanizmlərə böyüklərlə müqayisədə daha həssas olurlar.

Rəqəmsal asılılığın təhlükəli həddə çatdığını göstərən əsas əlamətlərdən biri də insanın boş vaxtını deyil, vacib vaxtını texnologiyaya sərf etməyə başlamasıdır. Məsələn, yuxudan əvvəl saatlarla telefonda qalmaq, dərs və ya iş zamanı diqqəti cəmləyə bilməmək, ailə və dostlarla ünsiyyətin azalması artıq xəbərdarlıq siqnalıdır.

Ancaq məncə, texnologiyanı günahlandırmaq da düzgün deyil. Problem texnologiyanın mövcudluğu deyil, onun nəzarətsiz istifadəsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə