Məşhur 1970-ci illərin BMW-si güclü idman avtomobilinə çevrilib...

Avtomobil 400 at gücündən çox güc istehsal edir...

...1970-ci illərin klassik BMW E9 kupesinə yeni həyat verildi. Avtomobil 400 at gücündən çox olan idman avtomobilinə çevrildi.

Orijinal BMW 3.0 CS E9 tüninqi Alman tüninq studiyası MKO tərəfindən tamamlandı.

SİA-nın əldə etdiyi məlumata görə, bu qeyri-adi layihə Carscoops saytında nümayiş etdirilib.

BMW E9 kupesinin kuzovu başqa bir məşhur modelin - 2001-ci il BMW M5-in şassisinə quraşdırılıb.

Nəticədə unikal hot-rod yaranıb. İki avtomobilin ölçüləri fərqli olduğundan, şassi qısaldılıb və kuzov genişləndirilib. Bundan əlavə, idman avtomobili aşağı salınıb və 19 düymlük Alpina yüngül lehimli disklər ilə təchiz edilib.

İnteryer də minimal dəyişikliklərlə BMW M5 E39-dan götürülüb. Bu o deməkdir ki, kupe artıq elektriklə tənzimlənən və qızdırılan dəri Recaro idman oturacaqlarına, iki zonalı iqlim nəzarətinə və sensor ekranlı Pioneer səs sisteminə malikdir.

Kapotun altında məşhur 4.9 litrlik V8 BMW S62 yerləşir və bu mühərrikin gücü 400-dən 432 at gücünə qədər artırılacaq. Mühərrik 6 pilləli mexaniki transmissiya ilə birləşdirilib. BMW 3.0 CS E9 kupesi məhdud sürüşmə diferensialı və KW-dan idman asqısı ilə təchiz olunub.

Havalandırılan disk əyləcləri də BMW M5 E39-dan götürülüb. Bu qeyri-adi idman avtomobilinin hazırda hərraca çıxarılması planlaşdırılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə