Volkswagen dizel mühərriklərinin atlar qədər köhnələcəyinə inanır…

Getdikcə daha çox alıcı könüllü olaraq elektrikli avtomobilləri seçəcək...

...Volkswagen hesab edir ki, daxili yanma mühərrikli avtomobillər sonda atların avtomobillərə yol verdiyi kimi təbii olaraq yox olacaq.

Lakin şirkət əmindir ki, bunun üçün hökumətin sərt qadağaları tələb olunmur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Motor1 yazır.

Volkswagen İdarə Heyətinin Satış və Marketinq üzrə üzvü Martin Sander bildirib ki, benzin və dizel avtomobillərinin qadağan edilməsi ilə bağlı müzakirələr diqqəti əsas məsələdən - elektrikli nəqliyyat vasitələrinin üstünlüklərindən yayındırır. Onun fikrincə, istehsalçılar alıcıları məhdudiyyətlərlə qorxutmamalı, əksinə elektrikli nəqliyyat vasitələrinin niyə daha rahat və səmərəli olduğunu izah etməlidirlər.

Sander mövcud vəziyyəti avtomobil dövrünün başlanğıcı ilə müqayisə edib.

İnsanlar tədricən atlardan qadağalara görə deyil, avtomobillərin daha praktik nəqliyyat vasitəsi olduğunu sübut etdiyinə görə imtina ediblər.

Onun fikrincə, oxşar proses daxili yanma mühərrikli avtomobilləri gözləyir. Bəyanat AB-nin ətraf mühit siyasəti ilə bağlı davam edən müzakirələr fonunda səslənir.

AB əvvəlcə 2035-ci ildən etibarən daxili yanma mühərrikli yeni avtomobillərin satışını qadağan etməyi planlaşdırırdı, lakin sonradan avtomobil istehsalçılarının təzyiqi altında mövqeyini yumşaltdı.

Buna baxmayaraq, Brüssel hələ də şirkətlərdən 2035-ci ilə qədər donanmanın CO₂ emissiyalarını 2021-ci il səviyyələri ilə müqayisədə 90 faiz azaltmağı tələb edir ki, bu da ənənəvi mühərriklərin perspektivlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Volkswagen hesab edir ki, şarj infrastrukturunun inkişafı və elektrik enerjisi xərclərinin aşağı salınması elektrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirməyə kömək edəcək. Şirkət əmindir ki, texnologiya inkişaf etdikcə, getdikcə daha çox alıcı inzibati təzyiqə ehtiyac olmadan könüllü olaraq elektrikli avtomobillər seçəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə