Ford, məşhur Fiesta və Focus modellərini yenidən canlandıra bilər...

Bu avtomobillər Avropada məşhurdur...

...Ford, Avropadakı müştərilərə Fiesta və Focus satışlarını bərpa etməyi düşünür.

2029-cu ilə qədər bazara çıxması planlaşdırılan yeni elektrikli nəqliyyat vasitələrinin çeşidi də hazırlanır.

SİA xəbər verir ki, bu barədə Autoblog məlumat verib. Avropa avtomobil bazarının özünəməxsus üstünlükləri və yalnız bu bölgədə tələb olunan modelləri var.

Ford, Avropada özünü təsdiqləyən ilk böyük brendlərdən biri idi və indi mövqeyini qorumaq üçün çətin qərarlar qəbul etmək məcburiyyətində qalır.

Belə addımlardan biri Fiesta və Focus modellərinin istehsalının dayandırılması idi.

İstehsalın dayandırılmasının əsas səbəbləri sərt emissiya standartları, eləcə də şirkətin ümumi istehsal strategiyasını dəyişdirmək zərurəti idi.

Ford Europe şirkətinin Avtomobillər üzrə İdarəedici Direktoru Kristian Vaynqartner Motor1-ə bildirib ki, şirkət bu adları geri qaytarmaq ehtimalını istisna etmir.

Hər iki model ralli və turne avtomobil yarışlarında uzun qələbələr tarixinə malik uğurlu brendlər olaraq qalır və bu da onları gələcək istifadə üçün cəlbedici edir.

Vaynqartner həmçinin İspaniyanın Almussafes şəhərindəki Ford zavodu üçün tərəfdaş axtarışı ilə bağlı şərh verib.

Geely ilə mümkün tərəfdaşlıq barədə şayiələrə baxmayaraq, rəhbər ən əlverişli sövdələşməni əldə etmək üçün bütün maraqlı tərəflərlə danışıqların davam etdiyini vurğulayıb. Amerikalı avtomobil istehsalçısı həmçinin 2029-cu ilə qədər Avropada debüt etməsi planlaşdırılan beş avtomobildən ibarət yeni bir sıra avtomobillər siyahısını açıqlayıb.

Yeni kompakt elektrik avtomobilləri Renault-un AMPR platformasından istifadə edəcək.

Üçüncü tərəf platformasının istifadəsinə baxmayaraq, şirkət rəhbərliyi yeni modellərin dizayn, texnologiya və idarəetmə dinamikası baxımından klassik Ford avtomobilləri olaraq qalacağına zəmanət verir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə