“Abşeron” və “Azərreyl” klubları yarımfinalda ilk qələbələrini qazanıb

Qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə start verilib.

SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya “Abşeron” və “Gəncə” komandaları çıxıb. Oyun ilkin mərhələnin lideri “Abşeron” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinal mərhələsinin növbəti qarşılaşmasında “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları üz-üzə gəlib. Maraqlı mübarizədə keçən matçda “Azərreyl”in 3:2 hesablı qələbəsi qeydə alınıb.

Beləliklə, “Abşeron” və “Azərreyl” klubları yarımfinalda ilk qələbələrini qazanıb. Bu komandalar arasında ikinci oyun aprelin 17-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə