"Komandamızda çox adlı-sanlı idmançılar var" - Sabiq məşqçi AÇIQLADI

"Müşahidə etdiyim proseslərə əsasən deyə bilərəm ki, yunan-Roma yığma komandasının heyət tərkibi, hazırlıq mərhələləri yüksək səviyyədə davam edir". Bunu SİA-ya açıqlamasında açıqlamasında yunan-Roma güləşi üzrə millinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.

O, güləş üzrə Slovakiyanın paytaxtı Bratislavada böyüklər arasında keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi barədə danışıb.

Cəfərovun sözlərinə görə, komandada təlim-məşq toplantıları dayandırılmır, qarşıya qoyulmuş plana əsasən davam etdirilir: "Əminəm ki, komandamız Avropa çempionatında yüksək nəticə, medallarla ölkəmizə qayıdacaq.
Uğurlu nəticələrdən gözləntilərim çoxdur. Çünki komandamızda çox adlı-sanlı idmançılar var. Bu sıraya 4-qat dünya çempionu Eldəniz Əzizli, Avropa-dünya çempionu Riad Məmmədli, Olimpiya oyunlarının bürünc medal qalibi Həsrət Cəfərov, dünya çempionu Ülvi Qənizadə, İslam Abbasovu misal göstərə bilərik, onlardan gözləntilərimiz çoxdur. Təbii ki bütün bunlarla yanaşı, yarış sırasında hakimin yürütdüyü oyunu da nəzərə almaq lazımdır. Ümumi olaraq, yığma komandamızdan çempionat üçün uğurlu nəticələr gözləyirik".

Qeyd edək ki, Avropa çempionatı aprelin 7-13 tarixlərində baş tutacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə