“Çox sevincliyik, olduqca vacib təyinatdır”. SİA xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan FIFA referisi Elçin Məsiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
O vurğulayıb ki, bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir: “Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə