“Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” - FOTOLAR
Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masa təşkil edilib. SİA xəbər verir ki, bu barədə Gənclər və İdman nazirliyi məlumat yayıb.
Dəyirmi masada Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizdə səfərdə olan Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek, eləcə də hər iki ölkənin qabaqcıl universitetlərinin rektorları iştirak ediblər. Tədbirdə Azərbaycan Qazaxıstan arasında ali təhsil sahəsində qarşılıqlı ikili diplom proqramlarının effektiv tətbiqi, innovasiya, elmi tədqiqat və qarşılıqlı mübadilə proqramlarının genişləndirilməsi mövzuları müzakirə edilib.
Daha sonra hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə qarşılıqlı anlaşma memorandumlarının imzalanma mərasimi keçirilib. Bu çərçivədə Azərbaycan İdman Akademiyası ilə Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, sözügedən tədbirdə ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə