"AQTA KİV-də gedən informasiyaları təqib etmir" - QURUM RƏSMİSİ AÇIQLADI

Azərbaycanda insanların məişət ehtiyaclarını ödəməsi üçün yaradılan bazarlarda bir sıra qanuna uyğunsuzluqlar var. Belə ki, bazarlarda üstü açıq şəkildə, tarixi bilinməyən və insanların rahatlıqla təmasa keçə biləcəyi bir şəraitdə məhsullar satılır. Bu hal həmçinin küçə və məhələlərdən avtomobilin arxasında qida məhsulları satan yerlərə də aiddir. Bu kimi halların baş verməsi təbii ki, insanların sağlamlığına ziyan verməklə yanaşı, sanitar qaydaların pozulmasına gətirib çıxardır. Bu kimi halların qarşısını almaq üçün nələr edilməlidir? Azad İstehlakçılar Birliyinə bununla əlaqədar olaraq şikayətlər gəlirmi? Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna Azad İstehlakçılar Birliyininin sədri Eyyub Hüseynov cavab verib.

AİB-in sədri qeyd edib ki, Nazirlər Kabnetinin 94 saylı qərarında bir mənalı şəkildə göstərilir ki, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar bükülməli və onun üzərində tarixi, son yararlılıq müddəti, son istehsal tarixi, şirkətin adı və s. digər rekvizitlər olmalıdır. Çox təəssüf ki, bu qərar uzun illərdir yerinə yetirilmir və Qida Təhlükəsizlik Agentliyi demək olar ki, bu problemlərin heç 50 faizini belə həll etməyib. Ümumiyyətlə malların markalanması məsələsi çox ciddi bir problemə çevrilib. Hazırda bizim ofisdə bununla bağlı şikayətlər var. İran mallarının milli dildə markalanmaması və başa düşülməyən fars əlibası ilə yazıların olması və s. Həmçinin avtomobillərin arxasında harda və necə gəldi malların satılması bütün qanunlara ziddir. İnsanların sağlamlıqlarına ciddi problem yaradan amillərdən biridir. Ayrı-ayrı yerlərdə avtomobillərin yük yerlərində satılan mallar məsələsinə polislər nəzarət etməlidir.

Çox təəssüflər olsun ki, polislər əksər hallarda bu cür işlərlə məşğul olanları himayə edirlər. Bunun qarşısı bir mənalı şəkildə alınmalıdır. Misal olaraq Nizami küçəsində "Grandmart"ın qabağında avtomobillərin yük yerində yağ satışı həyata keçirilir. O həmin avtomobilin yanından sahə müvəkkilinin arası 50 metrdən artıq deyil. Belə yerlərdə satılan mallarda gigiyenik qaydalara əməl olunmur. Ümumilikdə bütün ərzaq malları soyuq zəncir üzrə istehlakçıya çatmalıdır. Bazarlarda və digər belə yerlərdə satılan mallar soyuq zəncirdən çıxaraq əhalinin qida təhlükəsizliyinin təmin olunmasında böyük mənfi rol oynayır. Bu hallar Qida Təhlükəsizlik Agentliyinin gözü önündə baş verir. Məndə olan məlumata görə Qida Təhlükəsizlik Agentliyi baş verənlər qarşısında rasional bir bölgü aparmır. Həmçinin AQTA kütləvi informasiya vasitələrində gedən informasiyaları təqib etmir. Cənab Prezident jurnalistlərlə görüşü zamanı qeyd etmişdir ki, mən bir çox obyektiv məlumatları jurnalistlərdən alıram. Qida Təhlükəsizlik Agentliyi də cənab Prezidentdən nümunə götürməlidir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə