Bu günlər hava çox isti keçir. Hər dəqiqə xəyal adamı ağuşuna alıb aparır rayonlara. Hətta arada bir az mürgüləyəndə də yuxuda özünü bulaqların başında görürsən. Görürsən ki, əyilib bulaqdan ovuc-ovuc su içirsən. Su o qədər soyuqdur ki, dişlərini üşüdür. İçirsən-içirsən, dişlərin üşüsə də, içirsən, doymaq bilmirsən.

Oyanırsan, görürsən ki, rayon nədir, kənd nədir, çeşmə, bulaq nədir, ovuc-ovuc su nədir, tərin içərisində boğulursan. Bu dəfə də xəyal səni aparır rayonlara. Çaylı-çeşməli, bulaqlı rayonlara. Dağların sinəsindən yön alıb kəndlərimizin min bir adlı şəfalı bulaqlarına qədər yolçu olan, burada göz yaşı kimi axdıqca axan saf, təmiz sular keçir xəyalından. Deyirsən, quş olub bu dəqiqə uçardım oralara, bu isti şəhərdən canımı bir-ikicə günlük qurtarıb, oturardım o bulaqların başında, buz kimi sudan içib çiyərimin yanısını söndürərdim.

Oturardım çay kənarında. Əvvəlkitək şaqqıltı ilə axmasa da, yenə də çaydır da, axır. Bir də nəyə lazım şaqqıltı ilə axması. Biz uşaq olarkən şaqqıltı ilə axırdı, o da dəcəl, biz də dəcəl idik. Lakin indi həzin axır. Biz də ta yaşlaşmışıq, oturaq kənarında, həzin-həzin bu çayla dərdlərimizi bölüşək. Uşaqlığımızı xatırlayaq, ötənlərlə bu günləri müqayisə edək. Söhbətləşək, görək bu dünyanı niyə bu günə qoydular? Meşələr yanır, sular quruyur, təbiət dil açıb haray çəkir ki, məni xilas edin, lakin eşidən yoxdur. Qulaqlar niyə karlaşıb görən? Qıtlıq pandemiya kimi çağırılmamış qonaq tək qapılarımızdadır. Ərzaq ərşə qalxır dərdi bir yana, qiyməti ərşin ərşinə qalxır.

Xatirələr bitib tükənmir ki… O vaxtlar hər şey necə də ucuz idi, su qiymətinə. Gedirdik kənd mağazasına, dadlı peçenyelər olurdu, alırdıq, ye ki, yeyəsən. Üstündən də bulaqların buz kimi suyundan içib gedirdik oynamağın dalınca… Necə gözəl günlər idi, İlahi: su kimi aydın, su kimi təmiz, su kimi şəffaf…

Xəyal qurmaq da belədir ki, çox çəkər 5-10 dəqiqə. Sonra qayıdırsan real həyata. Yenə həmin şəhər, yenə həmin isti və çirkli hava. Kondisioner olmadan bir saniyə evdə, işdə otura bilmirsən. Hər yerdən od yağır. Nə edəsən, yenə də iş-gücünün arxasınca getməlisən də, avara deyilsən ki…

Gedirsən, yolun ortasında susuzluqdan yandığını hiss edirsən. Deyirsən, əşi, ta öldüm axı, qarşıma çıxan ilk marketdən bir su alıb içim ki, yola davam edə bilim. “Mənə balaca bir su verin”,- deyirsən və yaxud da gedib özün götürürsən. Dəyərini ödəyirsən: H₂O = 0, 5 + 50…

Bildiniz də, nə demək istədim. Sizin xətrinizə açıqlama verirəm, vallah dilim gəlmir bunu sözlə deməyə ki, 0,5 litr suyun qiyməti 50 qəpikdir. Sual verin də, həmişə verdiyiniz o suallardan verin, deyin ki, bu nədir, sözün var, açıqca de də, niyə tənlik qurursan? Mən də cavab verim ki, görün bizi nə vəziyyətə gətiriblər ki, söz tapıb danışa bilmirik, keçmişik formullara, rəqəmlərə. Ay qardaş, ay bacılar o kəndlərimizdə yay, yaz, payız, qış axıb gedən, qədrini bilmədiyimiz suyu oralardan yığıb plastik butulkalara gətirib burada bir ovucunu bizə 50 qəpiyə satırlar. Oradan buraya kimi də tərkibi o butulkaların içərisində nəyə çevrilir, deyə bilmirəm. Vallah, içirsən boğazından elə bil su keçmir ey, qurğuşun keçir. Bilirsiniz niyə? Su su qiymətinə olar da, od qiymətinə yox ki?..

Nəzarət, deyirsiniz? Nəzarət, zad yoxdur. Olsaydı, şəhərin bu başında ərzaq bir qiymətə, o biri başında ayrı qiymətə satılmazdı. Hələ bir küçədə sıralanan mağazaların hər birində qiymətlər ayrı-ayrıdır ey. Siz nə danışırsınız, kimdir nəzarət edən? Deyəsən qiymətlərə nəzarəti həyata keçirən aid təşkilatı isti yaman qorxudub, neçə aydır yoxdur. Payıza bir şey qalmadı, bəlkə hava sərinləyə, onlar da meydana çıxalar. İnşallah!

Maraqlıdır, indi bəs görəsən “su qiymətinə” nədir? Heç nə, su od qiymətinə olanda, H₂O = 0, 5 + 50 bir el deyimini də sıxışdırıb aradan çıxardı. Necə deyərlər, it də getdi, ip də…

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə