Uşaqlardakı davranış pozuntularını necə aradan qaldırmaq olar? - PSİXOLOQ AÇIQLADI

"Uşaqların nitqinə baxsaq qığıldama dövrü, səslər, hecalı nitq, sözlər, sadə cümlələr və mürəkkəb cümlələr olaraq ayırmaq olar. Artıq 1 yaşında sözlər artır, sadə cümlələr meydana gəlir. Cüzi gecikmələr normal sayılır. Lakin kəskin şəkildə nitqdə ləngimələr varsa, mütləq bir mütəxəssis baxışı vacibdir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Tahiba Quliyeva bildirib.

Psixoloqun sözlərinə görə, nitqdə yaranan bir sıra problemlər uşağın psixoloji vəziyyəti inkişafı ilə əlaqədardır: "Əgər uşaqda nitq problemi varsa, bu, əksər hallarda uşağın psixoloji inkişafı ilə bağlı olur. Valideyn bəzən hər şeyin normasında olduğunu, yalnız nitqdə problem olduğunu (Nitq gözlə daha aydın görünən tərəf olduğu üçün) fikirləşir. Lakin diaqnostika zamanı müəyyənləşir ki, uşaqda hansısa psixi ləngimə, pedaqoji ləngimə, əqli gerilik, autizm, eşitmə problemləri və s. var. Bu problemlərlə ilk olaraq psixoloq işləməlidir. Çünki psixoloji iş nəticəsində nitq mərkəzi aktivləşəcək və uşağın nitqi inkişaf etməyə başlayacaq. Daha sonra bir nitq mütəxəssisi ilə paralel iş aparılmalıdır. Bundan başqa psixoloji səbəblərdən uşaqda mutizm, kəkələmə kimi problemlər də yaranır. Kəkələmə hansısa bir qorxuya bağlı yaranır çox vaxt. Bu halda mütləq psixoloq, loqoped paralel iş görməlidir.

Mutizm də (seçici nitq) yenə eyni şəkildə hansısa bir travmaya bağlı meydana gəlir. Mutizmli şəxs danışırdı, lakin hansısa güclü bir travma nəticəsində susma dövrünə keçir. Bu halda terapiyalar güclü nəticə verir.
Təəssüf ki, cəmiyyətimizdə "ay atası da gec danışıb, dayısı da gec dil açıb" deyərək problemlərin həllini gecikdirirlər. İşinizi heç vaxt şansa buraxmayın. Erkən edilən müdaxilə bir çox problemin 100% həll olunması deməkdir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə