Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır

Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində mənfur düşmən xislətinə uyğun olaraq mülki əhalini, döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini hədəfə alırdı. Bu təcavüz nəticəsində çoxlu sayda mülki şəxs həlak oldu, yüzlərlə insan yaralandı. Eləcə də, çoxlu sayda mülki infrastruktura ciddi ziyan dəydi. Gəncə, Bərdə, Tərtər şəhərlərinə və digər ərazilərə xain düşmən hücumları buna sübutdur.

Hazırda dövlətimiz Vətən müharibəsi zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin hücumuna məruz qalmış mülki şəxslərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirməkdədir. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində müvafiq Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin, bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirəsalınmadan davam etdirilir. 2020-ci il dekabr ayının 14-də Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı,Cənab İlham Əliyev ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalanıb. Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcəklər. Bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir.

Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil etmək üçün 2020-ci il dekabr ayının 8-də Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı,Cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” imzaladığı Fərman bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Hazırkı dövrə kimi dövlətimiz şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı,Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir.

Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Səməndər Təhməzov,

Masallı rayonu Çaxırlı kənd sakini

Bütün xəbərlər Facebook səhifəmizdə