Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır

Hər bir dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri də vətəndaş rifahına xidmət edən sosial siyasətin həyata keçirilməsidir. Bu gün Azərbaycan həyata keçirdiyi sosialyönümlü siyasət strategiyası, eləcə də onun səmərəlilik əmsalının yüksək olması baxımından dünya arenasında nümunəvi mövqeyin sahibi kimi çıxış edir. Dövlət başçısı İlham Əliyev hər zaman hər bir azərbaycanlının yanında oub, onların problemi ilə maraqlanıb, rifahı və firavanlığının qeydinə qalıb. Müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, həmin vətəndaşların problemlərinin həlli məqsədilə dövlət səviyyəsində mühüm addımlar atılıb. Cənab İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşların - şəhid ailələrinin, məcburi köçkünlərin, müharibə əlillərinin, müharibə veteranlarının, təqaüdçülərin müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan Fərman və sərəncamlar imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmələri də bunun daha bir nümayişi oldu. Dövlətimiz tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.

Azərbaycan dövləti və Prezident İlham Əliyev ən çətin proseslərdə, gərgin hadisələrdə, kritik durumlarda belə güclü siyasi iradə, humanizm, tolerantlıq nümayiş etdirərək istənilən şəraitdə öz vətəndaşlarının yanında olmasını göstərir. Bildiyimiz kimi, iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətdi. İşğalçı ölkənin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Bu baxımdan, iyulun 20-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir. Həmin rəsmi sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi nəzərdə tutulur.

Tovuz təxribatının qarşısının alınması zamanı şəhid olmuş zabitlərin ailələrinə mənzillərin verilməsi də vətənin müdafiəçilərinin ailələrinə diqqət və qayğının daha bir nümunə idi. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Biz sözlə, bu qəbildən olan ailələr, insanlar daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olub, bundan sonra da belə olacaq.

Ramis Nəsibov, Bakıxanov bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə